2011-01-12
Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın xarici İşlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də Bosniya və Herseqovinanın xarici İşlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Bosniya və Herseqovinanın xarici İşlər naziri Sven Alkalayın ölkəmizə ilk səfərinin qarşılıqlı əlaqələrin inkişafı baxımından önəmli olduğunu vurğulayaraq, bu səfərin uğurlu olacağına və əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradacağına əminliyini bildirdi. İkitərəfli münasibətləri genişləndirməyin zəruriliyini vurğulayan dövlətimizin başçısı bu əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycan ilə Bosniya və Herseqovinanın dost ölkələr olduğunu, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün də yaxşı imkanlar yarandığını bildirdi.

Ölkəmizə ilk dəfə gəldiyini deyən Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay bu səfərin ikitərəfli əlaqələrin inkişafına xidmət edəcəyinə ümidvar olduğunu söylədi. O, Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələri təkcə ikitərəfli müstəvidə deyil, eləcə də ölkələrimizin üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirməyin vacibliyini bildirdi. İki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirən nazir ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı.

Azərbaycan ilə Bosniya və Herseqovinanın xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır

Yanvarın 12-də nazir Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında əməkdaşlığın inkişafı və regional məsələlər müzakirə olunmuşdur.

E.Məmmədyarov iki ölkə arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi və digər sahələrdə isə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu vurğulayaraq, bu istiqamətdə fəallığın artırılmasına ehtiyac olduğunu demişdir.

S.Alkalay Azərbaycan ilə Bosniya və Herseqovina arasında mövcud qarşılıqlı münasibətlərini yüksək qiymətləndirmiş, əlaqələri daha da möhkəmləndirmək üçün dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin intensivləşdirilməsinin, iş və incəsənət adamlarının gediş-gəlişinin təşkil edilməsinin vacibliyini vurğulamışdır.

Bunun üçün iki ölkə arasında münasibətləri tənzimləyən hüquqi bazanın genişləndirilməsinə ehtiyac vardır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan S.Alkalay ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəklədiyini vurğulamışdır.

Sonda nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında protokol”u imzalamışlar.

Azərbaycanla əlaqələrin hərtərəfli inkişafı Bosniya və Herseqovina üçün çox vacibdir

Azərbaycanla əlaqələrin hərtərəfli inkişafı Bosniya və Herseqovina üçün çox vacibdir, biz münasibətlərimizin genişlənməsi və möhkəmlənməsində maraqlıyıq.

Bunu ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay yanvarın 13-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşdə demişdir.

Ziyafət Əsgərov qonağın Azərbaycana səfərini yüksək qiymətləndirmiş, bunun iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirmişdir. O demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə Avratlantik məkana inteqrasiya edir. Zəngin karbohidrogen ehtiyatları olan və geostrateji əhəmiyyətə malik Azərbaycan Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır.

Milli Məclisin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verən Z.Əsgərov demişdir ki, parlamentdə 100-dən çox ölkə, o cümlədən Bosniya və Herseqovina ilə əlaqələrin inkişafı üçün dostluq qrupları vardır. Dövlətlərarası əlaqələrin inkişafında parlamentlər mühüm rol oynayır. Ona görə də parlamentlərarası əlaqələrin də genişlənməsi, deputatların qarşılıqlı səfərlərinin sayının artırılması məqsədəuyğundur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən Z.Əsgərov Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Bosniya və Herseqovina hökumətinə minnətdarlıq etmişdir.

Səfər çərçivəsində Bakıda bir sıra mühüm və səmərəli görüşlər keçirdiyini vurğulayan Sven Alkalay demişdir ki, onun ölkəsi Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir. Dünya maliyyə böhranı şəraitində Azərbaycanın sürətli inkişafı, neft və qaz sektoru ilə yanaşı, qeyri-neft sektoruna da böyük diqqət yetirilməsi bu ölkənin xoşbəxt gələcəyindən xəbər verir.

Dağlıq Qarabağ münaqişəsindən danışan qonaq öz ölkəsinin də qaçqın problemi ilə üzləşdiyini vurğulamış və Azərbaycanın probleminin başadüşülən olduğunu bildirmişdir. O demişdir: “Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və bu siyasət dəyişməyəcəkdir. Azərbaycan beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də bu məsələ ilə bağlı Bosniya və Herseqovinanın dəstəyinə həmişə ümid edə bilər”.

Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Nazirlər Kabinetində görüş

Yanvarın 12-də Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları səmimiyyətlə salamlayan Baş nazir onların Bakıya ilk səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söyləmiş, bunun üçün ən əvvəl lazımi hüquqi bazanın yaradılmasının vacibliyini bildirmişdir. Fəaliyyətlərimizin gücləndirilməsi üçün tövsiyələrini dilə gətirmişdir.

A.Rasizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də qonaqlara məlumat vermişdir.

Nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edən Sven Alkalay demişdir ki, Bakıya səfərinin məqsədi Azərbaycan ilə Bosniya və Herseqovina arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə etmək, gələcək əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirməkdir. Onun ölkəsi belə bir əməkdaşlığın qurulmasında maraqlıdır.

S.Alkalay ölkəsinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəklədiyini də vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər