2014-04-29
Azərbaycan-Bosniya və Herseqovina əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə olunmuşdur

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında iqtisadi, humanitar sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılmışdır.

Nazir Şahin Mustafayev Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələrin inkişaf etdiyini, ölkələrimiz arasında əməkdaşlığın dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını qeyd etmişdir. Bildirilmişdir ki, Bosniya və Herseqovina nümayəndə heyətinin Azərbaycana növbəti səfəri də əməkdaşlığın inkişafına töhfə verəcəkdir. Vurğulanmışdır ki, Bosniya və Herseqovina parlamenti Xocalı faciəsinin azərbaycanlılara qarşı soyqırımı kimi tanınması haqqında qətnamə qəbul etmiş, Sarayevoda Xocalı faciəsinin qurbanlarına abidə ucaldılmışdır. Ölkələrimiz arasında humanitar sahədə həyata keçirilən layihələrin xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafına xidmət etdiyini qeyd edən Şahin Mustafayev bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulamış, Sarayevoda Fondun dəstəyi ilə əsaslı şəkildə yenidən qurulan əlil, kor və görmə qabiliyyətli məhdud uşaq və gənclər üçün mərkəzin fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.

Görüşdə qeyd edilmişdir ki, iki ölkə arasında müqavilə-hüquqi bazanın olması iqtisadi əlaqələrin daha da inkişafına, müxtəlif layihələrin həyata keçirilməsinə imkan verir və perspektivdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial vardır.

Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya Azərbaycan-Bosniya və Herseqovina əlaqələrinin inkişafından məmnunluğunu ifadə etmiş, ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini vurğulamışdır.

növbəti xəbər əvvəlki xəbər