2017-11-20
Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində “Balkanların Avropa gələcəyi” mövzusunda konfrans keçirilib.

NGBM İdarə Heyətinin üzvü, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Lagumdzijanın rəhbərliyi ilə təşkil olunan toplantıda Balkan ölkələrinin, digər Avropa dövlətlərinin və Amerika Birləşmiş Ştatlarının tanınmış siyasətçiləri, nüfuzlu beynəlxalq təşkilatların sabiq rəhbərləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Z.Lagumdzija NGBM-in fəaliyyəti barədə danışıb. O qeyd edib ki, Mərkəz fəaliyyət göstərdiyi 5 il ərzində dünyanın müxtəlif ölkələrindən onlarla nüfuzlu ictimai-siyasi xadimi öz sıralarında birləşdirib, təşkilatın keçirdiyi forumlarda yüzlərlə sabiq prezident, baş nazir və nazirlər iştirak ediblər.

“Balkanların Avropa gələcəyi” mövzusunda keçirilən bugünkü toplantının isə VI Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıdığını bildirən sabiq Baş nazir gələn il baş tutacaq Forumda bu mövzunun geniş müzakirə ediləcəyini vurğulayıb.

Sonra Bosniya və Herseqovinanın Prezidentliyinin üzvü Bakir İzzetbegovic çıxış edərək belə toplantılara və dialoqa çox böyük ehtiyac olduğunu bildirib, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

Daha sonra konfransda Bosniya və Herseqovina Baş nazirinin müavini Mirko Sarovic, Sarayevo şəhərinin meri Abdulah Skaka, Serbiyanin xarici işlər naziri İvica Dacic, Monteneqronun xarici işlər naziri Srdjan Darmanovic, Makedoniyanın keçmiş dövlət və hökumət başçısı olmuş Branko Crvenkovski və başqaları çıxış ediblər.

Konfransda Balkanların Avropaya inteqrasiyası ilə bağlı mövcud problemlər və onların həll yolları, Avropa İttifaqının gələcəyi, üzv ölkələr, o cümlədən Balkanlar üçün təhlükəsizliyin təminatı, sosial-iqtisadi inkişaf perspektivləri, əməkdaşlığın gücləndirilməsi və digər mövzularda müzakirələr aparılıb.

Konfransda Çex Respublikasının sabiq Baş naziri Jan Fischer, Dünya Bankının sabiq vitse-prezidenti və İsveçrənin keçmiş xarici işlər naziri Mats Karlson, ABŞ Xarici Əlaqələr Milli Komissiyasının rəhbəri, ABŞ-ın BMT-dəki sabiq səfiri Rosemary Di Carlo və digər ictimai-siyasi xadimlər iştirak ediblər.

növbəti xəbər əvvəlki xəbər