2016-12-01

İqor Çrnadak: Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin perspektivləri və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarına dair ətraflı fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov Azərbaycanın Bosniya və Herseqovina ilə bütün sahələrdə qarşılıqlı maraqlara əsaslanan və hər iki ölkəyə fayda gətirəcək əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. O, iki ölkə arasında siyasi dialoqun daha da inkişaf etdirilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin və Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğulayıb.

Nazir İqor Çrnadak Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylər göstəriləcəyinə əminliyini ifadə edib. O, 2014-cü ildə Cənub-Şərqi Avropa ölkələrində baş vermiş daşqınlar zamanı təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın Bosniya və Herseqovinaya humanitar dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Tərəflər Azərbaycan ilə Bosniya və Herseqovina arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi və sərmayə qoyuluşu ilə bağlı məsələləri müzakirə ediblər. Həmçinin enerji, kənd təsərrüfatı, nəqliyyat və kommunikasiya, mədəni-humanitar sahələrdə, o cümlədən elm və texnologiya, idman və gənclər sahələrində əməkdaşlığın gücləndirilməsi üçün əlverişli imkanların olduğunu bildiriblər. E.Məmmədyarov ADA Universiteti və Bosniya və Herseqovinanın Diplomatik Akademiyası arasında əməkdaşlığın genişləndirilməsi və tələbə mübadiləsi kimi məsələlərə də toxunub.

Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri haqqında danışan Elmar Məmmədyarov Bosniya və Herseqovinanın da bu layihələrin yaradacağı imkanlardan faydalana biləcəyini diqqətə çatdırıb.

İ.Çrnadak Azərbaycanın Bosniya və Herseqovinada həyata keçirdiyi investisiya və infrastruktur layihələrinin əhəmiyyətini qeyd edib.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti də qeyd edilib.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında həmkarına geniş məlumat verib. Bosniya və Herseqovinanın münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tutduğu ədalətli mövqeyinin təqdir edildiyini bildirib.

E.Məmmədyarov Bosniya və Herseqovina Parlament Məclisinin Xalqlar Palatasının 2013-cü il fevralın 26-da keçirilən iclasında mütləq səs çoxluğu ilə “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlı qətnamənin qəbuluna görə təşəkkürünü ifadə edib.

Nazir İqor Çrnadak ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə dəstəklədiyini bildirib və bu mövqenin Bosniya və Herseqovinanın parlamentində qəbul olunmuş qətnamədə də öz ifadəsini tapdığını vurğulayıb. O əlavə edib ki, Bosniya və Herseqovina münaqişəsinin həllini məhz bu prinsiplər əsasında görür.

Tərəflər Azərbaycan və Bosniya və Herseqovinanın BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının və bir-birini dəstəkləməsinin vacibliyini qeyd ediblər.

Görüşdə Heydər Əliyev Fondu tərəfindən Bosniya və Herseqovinada həyata keçirilən humanitar layihələrin əhəmiyyəti də vurğulanıb.

Söhbət zamanı, həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, biznes forumların təşkili və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Arxiv üzrə axtarış