2016-11-24

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı başa çatıb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX ali səviyyəli toplantısı başa çatıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, keçmiş prezident, Baş nazir və tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə baş tutan görüşün panel iclaslarında Avropada multikulturalizm, tolerantlıq təcrübəsi, hökumətlərin multikulturalizm üçün dəstəyi, multikulturalizmin görünən riskləri və onları azaltmağın yolları, eləcə də Avropada sülhün gələcəyi və Balkanlardakı problemlər geniş müzakirə olunub.

Müzakirələrdə qeyd olunub ki, bu gün bütün dünyada müsəlmanların hüquqlarının pozulması halları artmaqdadır. Avropada müsəlmanlara olan mənfi münasibətdən bəhs edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Liviyanın Avropa İttifaqındakı keçmiş səfiri Farida Allaghi qeyd edib ki, bu gün radikal islamla dünyəvi islam qarışdırılmamalıdır. Onun fikrincə, mövcud problemin çıxış yolu gənc nəslə düzgün tərbiyə və təhsilin verilməsindədir.

Bosniya və Herseqovinadakı yəhudi icmasının rəhbəri Yakob Finci isə Bosniyada yəhudilərə olan münasibəti multikulturalizm nümunəsi adlandırıb.

Panelin iştirakçıları miqrasiya axınının təsirinə məruz qalan Avropa multikulturalizminin gələcəyini, ümumiyyətlə, Avropada sülhün gələcəyini, qitəyə təsir göstərən dünya siyasətindəki yeni aspektləri müzakirə ediblər. Qeyd olunub ki, həm Avropa daxilində, həm də kənardan artan gərginliklərin Avropanın ən həssas regionlarında real nəticələri ola bilər. Avropa İttifaqının ən yaxın qonşularının siyasi sabitliyi və onların Avropadakı yeri barəsində mühüm suallar ortaya çıxır. Müzakirələrdə miqrasiya, yeni millətçi sağ hərəkatının baş qaldırmasının sülhün gələcəyini təhlükəyə alması ilə bağlı problemlərdən çıxış yolları axtarılıb.

Toplantıda 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumuna hazırlıq məsələləri də diqqət mərkəzində olub, Forumun gündəliyinə dair geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX ali səviyyəli toplantısı noyabrın 22-23-də keçirilib. Toplantıda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvləri Mladen İvaniç, Draqan Çoviç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin, Mərkəzin İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və təşkilatın digər üzvləri iştirak ediblər.

Arxiv üzrə axtarış