2016-11-06

Sarayevoda Azərbaycanın Xalq Yazıçısının və Milli Məclisin deputatının kitablarının təqdimatı olub

Bosniya və Herseqovinada səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti noyabrın 5-də paytaxt Sarayevoda Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə boşnak dilinə tərcümə olunan Çingiz Abdullayevin müəllifi olduğu “Avropanın opponentləri” və deputat Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitablarının təqdimat mərasimində iştirak ediblər.

Tədbirə Bosniya və Herseqovina parlamentinin Yuxarı Palatasının (Xalqlar Evi) sədri Safet Softiç, Bosniya və Herseqovina-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, səfirlər, hökumət üzvləri, professorlar, Bosniya və Herseqovina Yazıçılar İttifaqının üzvləri, tanınmış ictimai-siyasi xadimlər və diaspor üzvləri qatılıblar.

Çıxış edən Beynəlxalq Sarayevo Universitetinin rektoru professor Tahsin Erkan Türe bu tədbirin elm adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynayacağına, iki ölkə arasındakı dostluq münasibətlərinin daha da inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov boşnak dilinə tərcümə olunmuş “Avropanın opponentləri” kitabının peşəkar yazıçımızın qələmindən çıxmış növbəti maraqlı və aktual mövzulu detektiv əsər olduğunu deyib. Səfir bu əsərin Bosniya və Herseqovina oxucuları üçün xüsusi maraq doğuracağına əminliyini ifadə edib.

C.Feyziyevin “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avropa modeli” kitabının fundamental əsər olduğunu bildirən diplomat bu tədqiqatla türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının, türk siyasi mədəniyyətinin dərin qatları, ümumtürk birliyi ideyasının tarixi təkamülü məsələlərinə yeni elmi baxışın formalaşacağını qeyd edib.

Boşnak dilinə tərcümə olunmuş hər iki kitabın mahiyyəti və əsərlərin aktuallığı mövzusunda Sarayevo Elm və Texnologiya Universitetinin professoru Edin Konhodyiç, politoloq Muyo Musaqiç, Sarayevo Universitetinin hüquq fakültəsinin dekan müavini Edin Halapiç, Bosniya və Herseqovinadakı Amerika Universitetinin professoru Nenad Tanoviç, Beynəlxalq Sarayevo Universitetinin dekanı Metin Boşnak geniş məruzələrlə çıxış ediblər.

Kitabların boşnak dilinə tərcümə olmasından məmnunluqlarını ifadə edən müəlliflər bu kimi tədbirlərin iki ölkənin elm xadimləri və yazıçıları arasında əlaqələrin inkişafına təkan verəcəyini vurğulayıblar.

Tədbirin sonunda Bosniya və Herseqovina Yazıçılar İttifaqı tərəfindən C.Feyziyevə və Ç.Abdullayevə fəxri üzvlük şəhadətnaməsi təqdim edilib.

Təqdimat mərasimindən əvvəl Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə həyəti bu ölkənin ilk Prezidenti Aliye İzetbeqoviçin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, abidənin önünə əklil qoyublar.

Daha sonra nümayəndə heyəti Sarayevoda Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı şəkildə yenidən qurulan kor və məhdud görmə qabiliyyətli uşaq və gənclər üçün mərkəzdə də olublar.

Arxiv üzrə axtarış