2011-12-30

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Bosniya və Herseqovinada qeyd olunmuşdur

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyində tədbir keçirilmişdir.

Tədbirdə bu ölkədə yaşayan və təhsil alan soydaşlarımız, İran azərbaycanlıları, Bosniya və Herseqovina-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak etmişlər.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti diqqətə çatdırılmışdır.

Bayram tədbirində cari ildə Bosniya və Herseqovinada Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətə başlaması, ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində diplomatik nümayəndəlik tərəfindən aparılan işlər, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilmişdir.

Bundan əlavə, tədbirdə dövlətimiz qarşısında duran mühüm vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinə töhfə vermək məqsədi ilə Bosniya və Herseqovinadakı həmyerlilərimizin və diaspor təşkilatlarının daha mütəşəkkil və fəal çalışmasının vacibliyi qeyd olunmuşdur. Vurğulanmışdır ki, həmyerlilərimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmiz haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəkdir. İştirakçılar bu sahədə həmişə olduğu kimi bundan sonra da dünya azərbaycanlılarının dövlət qayğısı ilə əhatə olunacağına əminlik ifadə etmişlər.

Arxiv üzrə axtarış