2018-02-22

Sarayevoda Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş konfrans və “Böyüməyən uşaqlar” kitabının təqdimatı keçirilib

Fevralın 22-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycan Respublikasının Serbiyada, Bosniya və Herseqovinada və Monteneqroda Səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Beynəlxalq Sarayevo Universitetində Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş konfrans  və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs edən Parlament Jurnalistləri Birliyinin sədri, modern.az xəbər portalının baş redaktoru Elşad Eyvazlının müəllifi olduğu və boşnak dilinə tərcümə olunan "Böyüməyən uşaqlar” kitabının təqdimatı keçirilib.

Konfransda Azərbaycan və Bosniya və Herseqovinadan millət vəkilləri, beynəlxalq hüquq üzrə nüfuzlu hüquqşünaslar, elm adamları, tanınmış ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatları, diplomatik korpus və KİV nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları  əvvəlcə bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.

Azərbaycanın Serbiyada, Bosniya və Herseqovina və Monteneqroda səfiri Eldar Həsənov, Beynəlxalq Sarayevo Universitetinin rektoru professor Tahsin Erkan Türe, kitabın müəllifi Elşad Eyvazlı, millət vəkili, Azərbaycan – Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Qənizadə, Bosniya və Herseqovina, Serbiya və Monteneqronun Yazıçılar Assosiasiyasının, Bosniya və Herseqovinanın Jurnalistlər Assosiasiyasının və bu ölkənin elm ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvü, Travnik Beynəlxalq Universitetinin professoru Sabahudin Hadjialiç, Sarayevo Universitetinin professoru, hüquq elmləri doktoru Edin Halapiç, Xocalıda hər iki valideynini itirmiş Səbinə MəhərrəmovaMurad Hüseynov tədbirdə çıxış ediblər.

Çıxış edən natiqlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin qəfil hücum etdiyini, mülki insanların xüsusi qəddarlıqla və amansızcasına öldürüldüyünü, bir qisminin ağır yaralandığını, əsir alınıb işgəncələrə məruz qoyulduğunu və itkin düşdüyünü xatırladaraq, Xocalıda törədilən bu cinayətlərin Ermənistanın sistematik xarakter daşıyan zorakılıq siyasətinin bir hissəsi olduğunu və azərbaycanlılara qarşı nifrəti aşılayan njdeizm ideologiyasının dayandığını, Xocalıdakı hadisələrin soyqırımı cinayəti olduğunu və beynəlxalq hüquq əsasında Ermənistanın və onun siyasi-hərbi rəhbərliyinin törətdikləri cinayətlərə görə məsuliyyət daşıdığını birmənalı qeyd ediblər.

Azərbaycanın Serbiya Bosniya və Herseqovinada və Monteneqrodakı səfiri E.Həsənov öz çıxışında “Xocalıya Ədalət” kampaniyasının 10-cü ildönümü çərçivəsində təşkil edilmiş konfrans iştirakçılarına Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın ərazilərində etnik təmizləmə siyasətinin həyata keçirilməsi, mülki əhaliyə qarşı ağır cinayətlərin törədilməsi və çoxəsrlik tarixi, mədəniyyət və dini abidələrinin  məhv edilməsi barədə məlumat verib. O, Bosniya və Herseqovina Parlamentinin Xalqlar Palatası tərəfindən 2013-cü ilin 26 fevral tarixində, məhz Xocalı soyqırımı törədilən gün „Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması“ adlanan qətnamənin qəbulunu minnətdarlıqla xatırlayıb. O, qətnamədə Xocalıdakı hadisələrə siyasi qiymətin verildiyini qeyd edərək, bu kimi sənədlərin, çağırış və bəyanatların beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə bir töhfə olduğunu bildirib. Çıxışı zamanı, səfir, Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs edən "Böyüməyən uşaqlar” kitabı haqqında da danışdı. Səfir, kitabın müəllifinin həmin uşaqların yaşadıqları açı taleləri peşəkarlıqla qələmə almasını, erməni vandalizminin, eləcə də ermənilərin körpə uşaqlara yaşatdıqları dəhşətlərin soyqırımı qurbanlarının öz dili ilə oxuculara çatdırmaq bacarığını xüsusilə qeyd etdi.

Azərbaycan Milli Məclisinin deputatı, Ç.Qənizadə çıxışı zamanı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımından 26 il keçməsinə baxmayaraq Ermənistan silahlı qüvvələrinin Xocalıda və Azərbaycanın digər işğal olunmuş ərazilərində törətdikləri cinayətlərə beynəlxalq qurumlar tərəfindən ədalətli qiymətin verilmədiyini və cinayətkarların hələ də cəzalandırılmadığını bildirib. Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası münasibətlərə diqqət yetirən millət vəkili Ç.Qənizadə Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatası tərəfindən Xocalı soyqırımına ədalətli hüquqi, siyasi qiymət verilməsi barədə qətnamənin qəbul olunmasını Xocalıda törədilən  kütləvi qırğının beynəlxalq arenada tanınmasına əhəmiyyətli bir töhfə və bu  faciənin dünya birliyi tərəfindən tanınması istiqamətində atılan mühüm addım kimi qiymətləndirdi.  

Professor Tahsin Erkan Türe Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı zamanı dinc əhaliyə qarşı törətdikləri cinayətləri pisləyərək, bu etnik təmizləmə aktından 25 ildən artıq vaxt keçməsinə baxmayaraq, cinayətkarların indiyədək Ermənistanda diplomatik immunitet arxasında gizləndiyini bildirdi. Xocalı soyqırımının bir sıra ölkənin qanunverici orqanı, habelə ABŞ-ın çoxlu sayda ştatları tərəfindən tanındığını deyən professor T.E.Türe, Azərbaycan xalqına və hökumətinə dəstək göstərilməsinə çağırış etdi.

Elşad Eyvazlı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində tədbir iştirakçılarının əlində olan "Böyüməyən uşaqlar” kitabının bir neçə dilə, o cümlədən ingilis, alman, türk, gürcü, ukrayn dilinə tərcümə olunduğunu və dünyanın bir çox ölkəsində təqdimatının keçirildiyini, indi isə soyqırımının nə olduğunu bizim kimi bilən, bizim kimi dadan bosniyalılara öz boşnak dilində təqdim olunduğunu bildirib. Sonra, E.Eyvazlı “Böyüməyən uşaqlar” kitabının necə yaranması barədə danışdı. Çıxışının sonunda, E.Eyvazlı 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində bosniyalıların qətlə yetirilməsi ilə həyata keçirilən soyqırımı aktı zamanı hər iki valideyni öldürülən insanlarla bağlı da bir kitab yazmaq istəyini bildirdi.

S.Hadjialiç çıxışında Azərbaycan xalqının yaşadığı acı hadisələrə diqqəti çəkərək, Xocalıda yüzlərlə insanın qətlə yetirildiyi vaxtda sivil dünyanın harada olduğunu sual etdi. “Böyüməyən uşaqlar” kitabını oxuyarkən, hər iki valideynlərini itirmiş uşaqların etirafları ilə tanış olduğunu deyən professor S.Hadjialiç, həmin uşaqların sanki böyümək şansı olmadığını, hər bir acı xatirənin can ağrısı verdiyini bildirdi. Sonra, S.Hadjialiç, kitabdan sitat gətirərək, bir çıxarışa qulaq asmağı təklif etdi: “Ata yox, ana yox. Biz uşaq ola bilmədik... Uşaq o kəsə deyirlər ki, valideyn nəvazişi görsün. Nə isə... Doğrusunu söyləyəcəyəm, atalı, analı uşaqlara elə həsəd aparırdıq ki... Ədalətlə dərdləşirdik. Deyirik, kaş atamız, anamız sağ olaydı, biz dilənib onları saxlayaydıq”.

Öz fikirləri ilə bölüşən Edin Halapiç, Xocalıda hər iki valideynlərini itirmiş uşaqların etirafları ilə tanış olarkən, onların acı xatirələrinin ona çox təsir etdiyini, sitatlar gətirərək, şahidlərin ifadələrindəki mesajların kitabın qeyr-adi olduğunu göstərdiyini bildirdi. Erməni hərbi birləşmələri tərəfindən Xocalıda dinc əhalinin qətlə yetirilməsi barədə şahid-sübutlar əks olunmuş bu kitabın faciənin soyqırımı kimi qəbul olunması üçün dəlil olduğunu hesab edən E.Halapiç, müəllifin bu istiqamətdə səylərini yüksək qiymətləndirdi və “Böyüməyən uşaqlar” kitabını böyük auditoriyaya və soyqırımı öyrənən tədqiqatçılara tövsiyə etdi. 

Səbinə Məhərrəmova və Murad Hüseynov 1992-ci ilin 25-dən 26-na keçən gecə Xocalıda həmin dəhşətli gecədə yaşadıqları acı xatirələri ilə bölüşüblər. 

Tədbirin sonunda Srebrenitsa və Xocalı soyqırımları zamanı hər iki valideyni qətlə yetirilən uşaqların dünya xalqlarına müraciəti oxundu.

Konfrans iştirakçıları həmin gün Sarayevo şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmişlər. Abidə önünə əklil qoyan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini yad etmişlər.

Həmçinin, Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Beynəlxalq Sarayevo Universitetinin sərgi zalında bu faciəyə həsr olunmuş foto və rəsm sərgisi təşkil olunmuş, “J-Connect” təşkilatı tərəfindən çəkilmiş “Zülmətdən qaçarkən” və Elşad Eyvazlının "Böyüməyən uşaqlar" adlı sənədli filmləri nümayiş olunmuşdu.

Arxiv üzrə axtarış