2012-01-20

Bosniya və Herseqovinada Qanlı Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir

Yanvarın 20-də Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyi Qanlı Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı anma mərasimi keçirmişdir.

Tədbirdə yeni təsis olunmuş Bosniya və Herseqovina-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, eləcə də bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin, sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə ətraflı söhbət açmış, öz konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının gülləbaran edildiyini diqqətə çatdırmışlar. Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu dəhşətli hadisəyə münasibətini bildirmiş, günahkarların cəzalandırılmasını tələb etmişdir. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü ilə həmin hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verilmişdir.

Qeyd olunmuşdur ki, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsi xalqın yaddaşında əbədi yaşayacaqdır.

Sonra mərasimin iştirakçıları “Qanlı Yanvara aparan yol” sənədli filminə baxmışlar.

Diplomatik nümayəndəlik tərəfindən 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən geniş pres-reliz ölkədəki bütün səfirlik və beynəlxalq təşkilatların nümayəndəlikləri, nazirlik və digər dövlət strukturları və qeyri-hökumət təşkilatları arasında yayılmışdır.

Arxiv üzrə axtarış