Bosniya və Herseqovinanın Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiç Heydər Əliyev Fondunda olub
Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiçin başçılıq etdiyi nümayəndə heyəti fevralın 6-da Heydər Əliyev Fondunda olub.
Qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi.
Bildirildi ki, Fond ulu öndərin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə köməklik göstərir.
Qonaqlar Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular.
Nümayəndə heyəti Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş fotoşəkillərə baxdılar.
Bojo Lyubiç Fondun xatirə kitabına ürək sözlərini yazdı.