2013-02-05

Bosniya və Herseqovina Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır

Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatası Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamə layihəsi hazırlamışdır. Sənəddə Azərbaycanın ərazi bütövlüyü birmənalı dəstəklənir. Sənəddə, həmçinin deyilir ki, Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad edilməlidir. Qətnamə layihəsi yaxın vaxtlarda Bosniya və Herseqovinanın Parlament Məclisində müzakirəyə çıxarılacaqdır.

Bu sözləri Azərbaycanda səfərdə olan Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiç fevralın 5-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə söyləmişdir.

Oqtay Əsədov Azərbaycanın sürətli iqtisadi inkişafı barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Avropanın da enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan indi regionda həyata keçirilən layihələrin həm təşəbbüskarı, həm də birbaşa iştirakçısıdır.

Milli Məclisin sədri demişdir ki, Avropaya inteqrasiya edən Azərbaycan dünyanın inkişaf etmiş, sülhsevər ölkələri, o cümlədən də Bosniya və Herseqovina ilə əlaqələrin inkişafında maraqlıdır.

Ölkələrimiz arasındakı münasibətlərin inkişafında dövlətlərimizin başçılarının rolunu yüksək qiymətləndirən O.Əsədov əminliklə demişdir ki, bu səfər təkcə qanunverici orqanlar arasında deyil, həyatın bütün sahələrində əlaqələrimizin genişlənməsinə təkan verəcəkdir. Bu gün Azərbaycan ilə Bosniya və Herseqovina arasında 4 sənəd imzalanmışdır, daha 8 sənəd imzalanma mərhələsindədir. Düşünürük ki, bu sənədlər əməkdaşlığımızın daha da genişlənməsi üçün möhkəm hüquqi baza yaradacaqdır.

Görüşdə qeyd olunmuşdur ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin qədim tarixi vardır. Bu il Bakı ilə Sarayevo arasında qardaşlaşma haqqında memorandumun imzalanmasının 40 ili tamam olur. Bu günə qədər hər iki ölkədə bir sıra humanitar tədbirlər, mədəniyyət günləri keçirilmişdir. Bu cür tədbirlər xalqlararası münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.

Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edən O.Əsədov demişdir ki, sevindirici haldır ki, hər iki ölkənin qanunverici orqanında dostluq qrupları vardır. Biz bu qrupların fəaliyyətini gücləndirməklə əlaqələrimizin bütün sahələrdə inkişafına nail ola bilərik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verən Oqtay Əsədov, problemin həlli ilə bağlı nümayiş etdirdiyi ədalətli mövqeyə, eləcə də Avropa Şurası Parlament Assambleyasın bu günlərdə keçirilmiş qış sessiyasında Azərbaycana verdiyi dəstəyə görə Bosniya və Herseqovina hökumətinə və parlamentinə minnətdarlıq etmiş, bu siyasətin dəyişməyəcəyinə əmin olduğunu bildirmişdir.

Boja Lyubiç demişdir ki, Azərbaycan ilə Bosniya və Herseqovina oxşar talelər yaşadıqları üçün bir birlərini yaxşı başa düşürlər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox sürətli inkişaf yolu keçmişdir, yerləşdiyi regionun ən güclü dövlətidir və həqiqətən də Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malikdir. İndi Azərbaycan özü xarici ölkələrin iqtisadiyyatına sərmayə qoyur. Bizim ölkəmizdə də çox əlverişli investisiya mühiti vardır. Hesab edirik ki, kənd təsərrüfatı və sənayenin digər sahələrdə çox yaxşı əməkdaşlıq edə bilərik.

Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq demişdir: “Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Ermənistanın və Azərbaycanın deyil, regionun və bütövlükdə Avropanın inkişafına təkan verəcəkdir. Biz bu problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarlıq və bu mövqe dəyişməyəcəkdir”.

Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, təcrübə mübadiləsi, “dəyirmi masa”ların, iqtisadi və biznes forumların keçirilməsinin vacibliyi vurğulanmışdır.

Arxiv üzrə axtarış