2011-12-13

Sarayevoda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılmışdır

Ümummilli lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü ilə əlaqədar Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyində anma mərasimi keçirilmişdir.

Mərasimdə yeni təsis olunmuş Bosniya və Herseqovina-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak etmişlər.

Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Bosniya və Herseqovina-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, xanım Cenita Özgüner ölkələrimiz arasında dostluq və siyasi tərəfdaşlıq əlaqələrinin yaradılmasında dahi şəxsiyyətin əvəzsiz xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Bakı və Sarayevo şəhərləri qardaşlaşmış, iki ölkənin elm və mədəniyyət dairələri arasında mübadilələr həyata keçirilmiş, sonradan Bakıda Sarayevo, Sarayevoda isə Bakı küçələri açılmışdır.

Digər çıxış edənlər də görkəmli siyasi xadim Heydər Əliyevin şanlı həyat yolu və fəaliyyəti, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında misilsiz xidmətlərindən danışmışlar.

Qonaqlar Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyində ulu öndər Heydər Əliyevə həsr edilmiş fotosərgi ilə tanış olmuş, dahi şəxsiyyətin həyat və fəaliyyətinə dair sənədli filmə baxmışlar.

Arxiv üzrə axtarış