2013-06-10

Azərbaycan ilə Bosniya və Herseqovinanın münasibətləri yüksələn xətlə inkişaf edir

İyunun 10-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bosniya və Herseqovinanın Baş nazirinin müavini, xarici işlər naziri Zlatko Laqumçiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Azərbaycan ilə Bosniya və Herseqovinanın münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini deyən Z.Əsgərov bildirmişdir ki, perspektivdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial vardır.

Qeyd edilmişdir ki, Bosniya və Herseqovina ilə Azərbaycanın münasibətləri qədim tarixə malik deyildir. Lakin buna baxmayaraq qısa müddətdə ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələri qurulmuşdur.

Bildirilmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropaya inteqrasiya olunmaq istiqamətində siyasət yürütməyə başlamışdır. Bu gün regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan demokratik prinsiplər əsasında idarə olunaraq Avropaya doğru irəliləyir.

Milli Məclis sədrinin birinci müavini cari ilin fevral ayında Bosniya və Herseqovina parlamenti tərəfindən ermənilərin 1992-ci ilin fevralında törətdikləri Xocalı faciəsini azərbaycanlılara qarşı soyqırımı kimi tanınması haqqında qətnamə qəbul edilməsinə görə minnətdarlığını bildirmişdir.

Zlatko Laqumçiyan Azərbaycan ilə ölkəsinin oxşar tarixi hadisələri yaşadıqlarını diqqətə çatdırmış, formalaşmış yaxşı münasibətlərin daha da yaxınlaşmasının zəruriliyini qeyd etmişdir.

Bildirilmişdir ki, iyunun 8-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzin yenidənqurmadan sonra açılışı olmuşdur. Bu cür humanitar layihələrin həyata keçirilməsi xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafına xidmət edir.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən nazir, Bosniya və Herseqovina parlamenti sədrinin Azərbaycanın Milli Məclisinin sədrini ölkəsinə rəsmi səfərə dəvətini təqdim etmişdir.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış