BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı
Cənab Prezident,
Zati-aliləri,
Xanımlar və cənablar,
İlk öncə, İnsan Hüquqları Şurasının Prezidenti təyin olunması münasibətilə səfir Vojislav Sucu təbrik etmək istərdim.
Demokratiyanın möhkəmlənməsi və insan hüquqlarının qorunması Azərbaycan Respublikasının ən vacib prioritetləri arasındadır. Hökumət bütün insan hüquqlarından və əsas azadlıqlardan tam yararlanmaları üçün Azərbaycan vətəndaşları üçün zəruri şəraitin yaradılması istiqamətində genişmiqyaslı proqramlar həyata keçirir.
Təhsil bizim daxili siyasətimizdə ən prioritetdir, çünki yaxşı təsis edilmiş təhsilli cəmiyyət uğurlu və davamlı inkişafın zəmanətlərindən biridir. Hər il 5 milyondan çox insan – ölkə əhalisinin yarısı – dövlət büdcəsindən tam maliyyələşməklə tibbi yoxlanışdan keçirlər. Azərbaycan hələ 1918-ci ildə müsəlman dünyasında qadınları səs vermək hüququ ilə təmin etmiş ilk ölkə olmuşdur. Azərbaycan gender bərabərliyinini təmin etməyə və ictimai və sosial həyatda qadınların rolunun artırılmasına çalışır. Misal üçün, mənim nazirliyimin heyət üzvlərinin 52 faizi qadınlardır. Rəqəmsal dövrdə yaşadığımızdan qeyd etmək lazımdır ki, hal-hazırda Azərbaycan əhalisinin təqribən 80 faizini informasiya, media-kommunikasiya və ideya və fikirlərin azad axını üçün ən əlverişli və praktik vasitə olmuş internetə maneəsiz giriş imkanı vardır.
Cinayət hüququ sistemində də beynəlxalq insan hüquqları standartlarına tam uyğun olması məqsədilə islahatlar aparılmışdır. Bu sahədə ən son hadisələrdən biri cəza siyasətinin humanistləşdirilməsində və cəza sahəsində hüquqi islahatların aparılmasını hədəfləmiş Azərbaycan Respublikası Prezidentinin 2017-ci il tarixli sərəncamıdır.
Azərbaycan dünyanın tanınmış multikultural mərkəzlərindən biridir. Bütün etnik və dini icmalar Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycan mədəniyyətlərarası dialoqun möhkəmlənməsini hədəfləmiş bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olaraq Azərbaycan 2008-ci ildə əsas məqsədi müsəlman dünyası və Avropa arasında dialoqu, tərəfdaşlığı və əməkdaşlığı möhkəmləndirmək olan “Bakı Prosesi”nə başladı.
Azərbaycan inkişaf hüququna böyük əhəmiyyət verir. Mən bir daha ölkəmin İnkişaf hüququ bəyanatında təsbit olunmuş prinsiplərə sadiqliyini təsdiq etmək istərdim. Azərbaycan, xüsusən Heydər Əliyev Fondu və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə beynəlxalq inkişaf təşəbbüslərində fəal iştirak edir.
Cənab Prezident,
Biz insan hüquqlarının və davamlı inkişafın bir-birindən asılı olduğunu və bir-birini tamamladığını bilirik. 2030-cu il Davamlı İnkişaf Gündəliyi insan hüquqlarına hörmət, qanunun aliliyi və yaxşı idarəetmə və effektiv ictimai institutlar əsasında sülhpərvər, ədalətli və inkluziv cəmiyyətlərin qurulmasına ehtiyacı tanıyır. Bununla yanaşı, Gürcüstan, Keniya, Tailand və Türkiyə ilə birlikdə Azərbaycan şuranın hazırkı sessiyasında qəbul edilmək üçün “Şəffaf, məsuliyyətli və səmərəli dövlət xidməti vasitəsilə insan hüquqlarının və DİG-in təşviqi” adlı layihə qətnaməsi təqdim etmişdir. Bu fürsətdən istifadə edərək mən İHŞ üzvlərini qətnaməni dəstəkləməyə çağırıram.
Cənab Prezident,
Azərbaycan İnsan Hüquqları Şurasının fəaliyyətinin gücləndirilməsinin zəruriliyini tam dəstəkləyir. Şuranın tənbeh üçün platforma kimi deyil, öz səlahiyyətini etibarlı və həssas qlobal insan hüquqları qurumu kimi möhkəmləndirməsi məqsədilə onun fəaliyyətini müəyyən edən əsas anlayışlar “dialoq”, “əməkdaşlıq” və “yardım” olmalıdır.
Azərbaycan bütün xüsusi prosedur mandat sahiblərinə xüsusi dəvət göndərmişdir. Biz onların üzv dövlətlərlə əməkdaşlıq və dialoq vasitəsilə insan hüquqlarının təşviqində mühüm rolunu tanıyırıq. Həmçinin, Azərbaycan Universal Dövri Hesabata əhəmiyyət verir və 2016-cı ildə aralıq hesabat təqdim etmişdir. Bizim üçüncü UDH 2018-ci ilin mayında nəzərdən keçiriləcəkdir.
Biz BMT-nin insan hüquqları üzrə müqavilə orqanları ilə əməkdaşlığa sadiqik. Keçək il Azərbaycan İnsan Hüquqları üzrə Ali Komissar tərəfindən müqavilə orqanlarına tam hesabat verməkdə 33 üzv dövlətdən biri adına layiq görülmüşdür.
Cənab Sədr, dünyada insan hüquqlarını pozuntusu haqqında danışarkən ölkəmin üzləşdiyi ən dəhşətli faciəni vurğulamaya bilmərəm.
Ermənistanın silahlı təcavüzünün nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi 25 ildən çoxdur ki işğal altındadır. Bir milyondan çox azərbaycanlı etnik təmizlənməyə məruz qalmış və doğma yurd-yuvalarını tərk edərək öz vətənlərində qaçqın və məcburi köçkün olmağa məcbur edilmişlər. Bugün Azərbaycan 1.2 milyon qaçqın və məcburi köçkünə sahib olaraq 10 milyonluq əhalisi ilə adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə dünyada ən yüksək göstəricilər sırasında qərarlaşmışdır.
Ermənistan, Azərbaycanın ərazi bötüvlüyünü bir daha təsdiq edən və işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini və digər beynəlxalq təşkilatların aidiyyəti sənədlərini inkar etməklə Azərbaycan ərazilərinin işğalını davam etdirir.
Dünən, 26 fevral 2018-ci ildə Ermənistan tərəfindən törədilmiş və bunun nəticəsi olaraq 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunda kiçik şəhərin 613 sakininin qətlə yetirildiyi Xocalı soyqırımının 26-cı ildönümü yad edildi. 1992-ci ildə törədilmiş bu soyqırımın nəticələri açıqca göstərdi ki, Xocalıdakı niyyətli kütləvi qırğınlar təcrid olunmuş və ya təsadüfi hərəkətlər deyil, 1988-ci ildən bəri törədilən Ermənistanın sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Təəssüflər olsun ki, bu cür ağır cinayətlərə görə məsuliyyət daşıyanlar hələ də cəzasızdırılmayıb və hələ də ədalət mühakiməsi qarşısına çıxarılmayıb.
Beynəlxalq ictimaiyyətin Azərbaycanda törədilmiş insanlıq əleyhinə cinayətlərə münasibətdə səssizliyindən cəsarətlənərək Ermənistan azərbaycanlı qaçqın və məcburi köçkünlərin əsas insan hüquqlarını pozmaqda davam edir. Buna görə də, biz BMT-nin İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın müvafiq qətnamələrinə uyğun olaraq azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş insan hüquqlarının səmərəli müdafiəsini qəti surətdə təmin etməyə çağırırıq. Davamlı genişmiqyaslı insan hüquqları pozuntuları Azərbaycan xalqının beynəlxalq hüququn aliliyinə və BMT-nin insan hüquqları mexanizminin səmərəliliyinə etimadını möhkəm sarsıdıb.
Təşəkkür edirəm, cənab sədr.