2017-11-15

Bosniyalı iş adamları Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir

Bu barədə noyabrın 15-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Bosniya və Herseqovina işgüzar görüşündə deyilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı və qida sənayesi, sənaye, maliyyə, İKT, tikinti, tekstil və xidmət sahəsində fəaliyyət göstərən 60-a yaxın iş adamı iştirak edib.

İşgüzar görüşdə çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi, investisiyaların təşviqi sahəsində reallaşdırılan tədbirləri diqqətə çatdırıb, ixraca dəstək mexanizmlərinin ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində, ixrac imkanlarının artırılmasında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, xarici şirkətlərin fəaliyyəti üçün ölkəmizdə əlverişli şərait yaradılıb və Bosniya və Herseqovina iş adamları da bu imkanlardan yararlana bilər.

Bosniya və Herseqovinanın Olovo şəhərinin meri Cemal Memaqiç bosniyalı iş adamlarının Azərbaycan iqtisadiyyatına böyük maraq göstərdiyini bildirib, bu gün keçirilən tədbirin yeni işgüzar əlaqələrinin qurulması və mövcud əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Sonra AZPROMO-nun əməkdaşı Mahmud Əliyevin Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatı dinlənilib.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

Arxiv üzrə axtarış