Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin 7-ci Nazirlər Konfransında çıxışı
1 dekabr 2017-ci il
Bakı şəhəri, Azərbaycan
Zaiti-aliləri,
Möhtərəm qonaqlar,
Mən, sizin hamınızı Bakı şəhərində keçirilən Asiyanın Qəlbi – İstanbul Prosesinin 7-ci Nazirlər Konfransında salamlayıram.
2011-ci ildə təsis olunduqdan bəri Asiyanın Qəlbi – İstanbul Prosesi istər prosesdə iştirak edən dövlətlər, istərsə də prosesə dəstək verən dövlət və təşkilatların Əfqanıstanda və regionda vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş səylərinin möhkəmləndirilməsi baxımından səmərəli çoxtərəfli platforma kimi özünü sübut edib. Bu platforma regionda və regiondan kənarda yerləşən dövlətlər arasında dialoq və əməkdaşlıq yolu ilə Əfqanıstanda sülh, sabitlik və rifahın əldə edilməsi üçün nadir imkan yaradır.
Bu gün biz İstanbul Prosesinin həmsədri kimi öz missiyamızı yekunlaşdırırıq. Buna baxmayaraq, Azərbaycan ikitərəfli səylər və müxtəlif çoxtərəfli platformalar vasitəsilə Asiyanın Qəlbi regionunda sabitliyi, sülh şəraitində yenidənqurma səylərini və inkişafı dəstəkləməyə davam edəcəkdir. Öz həmsədrliyindən istifadə etməklə Azərbaycan Prosesin qarşıya qoyduğu məqsədlərə çatmaq istiqamətində bütün mümkün töhfələri verib. 2017-ci ildə biz Bakı və Nyu York şəhərlərində Yüksək vəzifəli məmurların görüşlərini, eləcə də Narkotiklərlə Mübarizə və Regional İnfratstruktur üzrə Etimad Quruculuğu Tədbirləri çərçivəsində ekspertlərin görüşlərini təşkil etmişik.
Biz inanırıq ki, təhlükəsiz, özünəinamlı və özünü təmin edə bilən Əfqanıstan regionun daha yaxşı gələcəyində mühüm rol oynaya bilər. Məhz buna görə də Azərbaycan Əfqanıstanın dayanıqlı dövlət qurmaq səylərini ardıcıl olaraq dəstəkləyib, əfqan rəsmiləri üçün geniş miqyaslı hərbi, dövlət idarəçiliyi, hüquq-mühafizə, minalardan təmizləmə, tibbi və reabilitasiya sahələri üzrə təlimlər təşkil edib və elektron idarəçilik və ictimai xidmətlərin çatdırılması üzrə öz təcrübəsini Əfqanıstanla paylaşıb. Bu gün bizim hərbçilərimiz Qətiyyətli Dəstək
Missiyasında xidmət edir və biz Əfqanıstan Milli Ordusuna yardımlarımızı davam etdiririk.
Azərbaycanın regionun nəqliyyatla birləşdirilməsi sahəsindəki töhfələri Əfqanıstan və ümumilikdə regionun yeni regional bazarlara çıxması və beynəlxalq ticarət şəbəkələrinə qoşulması üçün yeni imkanlar yaradır. Bu yaxınlarda açılışı həyata keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti və buğun burada iştirak edən 5 dövlətin imzaladığı Lapis-Lazuli müqaviləsi regionda əmtəə və sərnişinlərin rahat hərəkətinə imkan yaradacaqdır. Gürcüstan və Azərbaycandan başlayaraq Xəzər dənizi vasitəsilə Orta Asiyaya qədər uzanan geniş coğrafi region dünyanın ən böyük təchizat və tələb bazarlarını birləşdirən qitələrarası ticarət marşrutları üzərində yeni rəqabətədavamlı ticarət və tranzit arteriyasına çevrilib. Bu baxımdan, biz inanırıq ki, Lapis-Lazuli müqaviləsi sadəcə Əfqanıstanı Avropa bazarlarına yaxınlaşdırmaqla məhdudlaşmayaraq, həmçinin regionda beynəlxalq ticarətin dəstəklənməsində mühüm rol oynayacaqdır.
Münaqişənin problemlərini bilavasitə öz üzərində hiss etməli olan Azərbaycan uzun müddətdən bəri qonşu Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən ölkə kimi sülh, təhlükəsizlik və sabitliyin dəyərini çox gözəl dərk edir. Biz hesab edirik ki, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət regionda davamlı sülh, təhlükəsizlik və sabitliyin təminatçısı ola bilər.
“Təhlükəsizlik və iqtisadi inteqrasiya yolu ilə möhkəmləndirilmiş Asiyanın Qəlbi regionuna doğru” mövzusunda keçirilən bügunkü konfrans yalnız təhlükəsizlik və iqtisadi baxımdan biri-biri ilə inteqrə olmuş regionun gələcəkdə ortaya çıxacaq istənilən çağırış və təhdidlərə müqavimət göstərə biləcəyi ilə bağlı baxışımızı əks etdirir. Biz ümidvarıq ki, bugunkü konfransın yekununda qəbul etməyi planlaşdırdığımız Bakı Bəyannaməsi regionumuzun buğun üzləşdiyi çağırış və təhdidlərin aradan qaldırılması istiqamətində çox mühüm sənəd olacaqdır.
Çıxışımı yekunlaşdırmazdan əvvəl mən 2018-ci ildə Asiyanın Qəlbi – İstanbul Prosesinə həmsədrlik edəcək qardaş Türkiyəyə uğurlar arzulayıram.
Mən sizin hamınıza təşəkkür edir və bugünkü iclasda faydalı müzakirələr arzu edirəm.