2016-05-11

Milli Məclisin nümayəndə heyəti Bosniya və Herseqovinada bir sıra görüşlər keçirib

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər edib.

Milli Məclisin deputatları Çingiz Qənizadə və Elşad Həsənovun da daxil olduğu nümayəndə heyəti əvvəlcə Bosniya və Herseqovina parlamentinin Yuxarı Palatasının (Xalqlar Evi) sədri Safet Softiç ilə görüş keçirib.

Görüşdə Milli Məclisin tərkibi və fəaliyyəti barədə ətraflı məlumat verilib, ölkələrimiz arasında mövcud olan dərin dostluq əlaqələrindən məmnunluq ifadə olunub. Bosniya və Herseqovina parlamenti tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstək verən qətnaməyə görə minnətdarlıq ifadə olunub. Bu qətnamənin Xocalıda törədilmiş kütləvi qırğının beynəlxalq arenada tanınmasına əhəmiyyətli bir töhfə olduğu diqqətə çatdırılıb.

Azərbaycan–Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Ç.Qənizadə iki ölkə arasındakı əlaqələrin bütün istiqamətlərdə dinamik inkişaf etdiyini vurğulayıb. Əminliklə qeyd edilib ki, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının səmərəli fəaliyyəti bu münasibətlərin genişlənməsinə daha da təkan verəcək.

Görüşdə Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov dövlət başçılarımız arasındakı səmimi münasibətlərin ölkələrimizin əlaqələrinin inkişafına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

Sonra Bosniya və Herseqovina-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə keçirilən görüşdə ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti, həmçinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç ilə görüş keçirib. Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, Azərbaycan ilə Bosniya və Herseqovina arasında beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, Azərbaycan torpaqlarının işğalı, qaçqın və köçkünlərin problemləri, münaqişənin həlli prosesində Ermənistanın pozucu mövqeyindən danışan C.Feyziyev və Xalq Yazıçısı Ç.Abdullayev Bosniya və Herseqovinanın hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini dıqqətə çatdırıblar.

Milli Məclisin deputatları Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə Sarayevoda əsaslı təmir və bərpa edilmiş “Dostluq” parkında bu ölkədə 1992-1995-ci illər müharibəsinin və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə əklil qoyublar.

Səfər çərçivəsində nümayəndə heyəti Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə işıq üzü görmüş, Xalq Yazıçısı Çingiz Abdullayevin müəllifi olduğu “Avropanın opponentləri” və deputat Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitablarının təqdimatında iştirak edəcək.

Arxiv üzrə axtarış