2020-04-13

BOSNIYA VƏ HERSEQOVİNADA YAŞAYAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ DİQQƏTİNƏ !

Hörmətli həmvətənlərimiz, əziz soydaşlarımız,

Məlum olduğu kimi, yeni tip koronavirusun (COVID-19) dünyanın demək olar ki bütün ölkələrində, o cümlədən Bosniya və Herseqovinada sürətlə yayılması müşahidə edilməkdədir. Bu məqsədlə, Koronavirusun yayılmasının qarşısının alınması üçün Bosniya və Herseqovina Hökuməti tərəfindən məhdudlaşdırıcı tədbirlər tətbiq olunmuşdur: 

  • Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə, BvH-da cari ilin 12 mart tarixindən etibarən orta məktəblərdə və ali tədris müəssisələrində dərslər 15 gün müddətinə dayandırılmışdır. Martın 24-də orta məktəblərdə və ali tədris müəssisələrində dərslərin dayandırılması barədə daha öncə qəbul edilmiş qərarın qeyri-müəyyən vaxta qədər tətbiq edilməsi, habelə bütün tədris prosesinin internet vasitəsi ilə davam etdirilməsinə dair qərar verilmişdir. 
  • BvH Rəyasət Heyətinin qərarına əsasən, bu il martın 16-dan etibarən BvH Serbiya və Monteneqro ilə sərhədlərini bağlamışdır. Ölkənin Müdafiə Nazirliyi vasitəsilə sərhədlərdə çadırların qurulması üçün hərbi qüvvələr cəlb olunmuş və BvH vətəndaşları öz vətəninə döndükləri zaman bu çadırlarda qalaraq, 14 günlük karantinə alınırlar. Eyni zamanda, BvH 12 ölkənin (İtaliya, İran, Cənubi Koreya, Çin, İspaniya, Almaniya, Fransa, Yaponiya, Rumıniya, Avstriya, İsveçrə və Belçika) vətəndaşları üçün sərhədlərini bağlayıb. 
  • Martın 17-də keçirilmiş fövqəladə iclas zamanı BvH-nin Nazirlər Şurası BvH-də təbii və digər fəlakət vəziyyəti elan etmişdir. Martın 22-dən BvH-də komendant saatı tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. BvH Federasiyasında və Serb Respublikasında saat 20:00-dan 05:00-dək və Brçko dairəsində saat 21:00-dan 05:00-dək bütün şəxslərin küçələrdə gəzməsi qadağan edilib. Həmçinin, vətəndaşlar küçədə / ictimai yerlərdə epidemioloji qorunma tədbirlərinə (qoruyucu tibbi maska, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) və ən azı 1,5 metr məsafəyə riayət etməlidirlər. 
  • Yaşı 18-dək və 65-dən yuxarı olan şəxslərin küçələrdə hərəkətinə qadağa qoyulub. RS hökumətinin mart ayının 30-da qəbul edilmiş qərarına əsasən, bu entitetin ərazisində yaşı 65-dən yuxarı olan şəxslərin çərşənbə axşamı və cümə günləri səhər vaxtı saat 07:00-dan saat 10:00-dək küçələrdə hərəkətinə icazə verilmişdir. 
  • Martın 18-də BvH Rəyasət Heyətinin növbəti fövqəladə iclasında koronovirusun yayılmasının qarşısının alınması və mülki orqanlara yardım etmək məqsədi ilə ölkəyə xaricdən gələn insanların xüsusi çadırlarda yerləşdirilməsi ilə əlaqədar BvH Silahlı Qüvvələrinin iştirakı haqqında qərar qəbul edilmişdir. 
  • 30 mart tarixi, səhər saat 06:00-dan etibarən BvH-nin beynəlxalq sərhəd keçid məntəqələri müvəqqəti olaraq bağlanmışdır. Hava limanları yalnız yük daşımaları və lazımi malların və avadanlıqların təmin olunması üçün fəaliyyət göstərəcəkdir. 
  • Aprelin 3-dən etibarən RS-də şənbə günü saat 12:00-dan bazar günü saat 18:00-dək bütün şəxslərin küçələrdə gəzməsi qadağan edilib. 
  • Aprelin 3-də BvH Federasiyasının Federal Mülki Müdafiə Qərargahı tərəfindən yalnız 6-10 aprel tarixlərində yaşı 65-dən yuxarı olan şəxslərin səhər vaxtı saat 08:00-dan saat 12:00-dək küçələrdə hərəkətinə icazə verilmişdir. Həmçinin, yaşı 18-dək olan şəxslərin avtomobillərdə valideynləri ilə birlikdə hərəkətinə icazə verilmişdir. 
  • 5 nəfərdən artıq şəxs bir araya toplaşa bilməz. Karantin qaydalarını pozan şəxslər cərimə və ya həbs edilir. Mümkün olduğu təqdirdə hər kəsdən evdən işləmək və komendant saatı xaricində də evdən çıxmaması tövsiyə olunur. İctimai nəqliyyatda dezinfeksiya tədbirlərinin görülməsi haqqında qərar qəbul edilib. Şəxsi avtomobillərin hərəkətinə qadağa tətbiq edilməyib. 
  • Bütün ticarət mərkəzləri, muzeylər, kinoteatrlar, əyləncə mərkəzləri, ictimai qida və digər xidmətləri təşkil edən müəssisələrin fəaliyyəti dayandırılıb, dövlət və özəl tibb müəssisələrində dezinfeksiya tədbirlərinin görülməsi haqqında qərar qəbul edilib. Yalnız internet/telefon vasitəsilə sifarişlərin evə çatdırılma xidmətləri təmin edilə bilər. 
  • Apteklər, banklar, ərzaq mağazaları, market və supermarketlər səhər saatlarından (müəssisənin iş vaxtından asılı olaraq dəyişir, 07:00, 08:00 və s.) saat 18:30-dək fəaliyyət göstərə bilər. 

Koronavirusdan effektiv şəkildə qorunmaq üçün aşağıdakı tövsiyələrə ciddi şəkildə əməl olunmasını xahiş edirik: 

  • Bosniya və Herseqovina dövlət orqanlarının yaydığı məlumat və tövsiyələrin diqqətlə izlənilməsi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət edilməsi (əlavə məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: zzjzfbih.ba/covid-19/phi.rs.ba/index.php?view=kategorija&id=45),
  • Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinilməsi,
  • Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı halda aşağıda qeyd olunan nömrələr ilə əlaqə saxlayaraq, təcili tibbi müayinədən keçilməsi:

Higijensko-epidemiološkoj službi Zavoda za javno zdravstvo Kantona Sarajevo: +387 62 086 282, +387 62 030 778, +387 62 030 796, +387 62 030 728

Dom zdravlja Zenica/ZDK: +387 32 246-910

Krizni štab TK: +387 62 828 398

Dom zdravlja Mostar/HNK: +387 36 551 478, +387 61 713 741, +387 61 327 281

Zavod za javno zdravstvo USK: +387 37 351 799

Krizni štab RS: +387 51 491 600

Bosniya və Herseqovinada yaşayan, təhsil alan və ya müvəqqəti olaraq səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ cavablandırılması məqsədilə aşağıdakı "Qaynar xətt" nömrəsi və ya elektron poçt vasitəsi ilə 24/7 əlaqə saxlaya bilərsiniz: 

Tel: +387 62 2394 94

E-poçt: sarajevo@mission.mfa.gov.az

Məlumdur ki, dövlətimiz indiyədək 15.000-ə yaxın vətəndaşımızın xarici ölkələrdən Azərbaycana qayıtması üçün xüsusi çarter reysləri təşkil edib və qayıdan vətəndaşlarımız müvafiq yoxlamadan keçərək karantin rejiminə alınıblar. Bu da bəllidir ki, indiki vəziyyətdə vətəndaşlarımızın ölkəyə qayıtmasını təmin etmək üçün ilk növbədə karantin yerlərinin, xüsusi rejimli xəstəxanaların hazırlığı, onların müvafiq logistika və tibbi personal ilə təmin edilməsi çox önəmlidir. Lakin karantin yerlərinin də məhdud olduğunu nəzərə alaraq vətəndaşlarımızın bu məsələdə anlayış və təmkin göstərməsi çox vacibdir. Odur ki, vətəndaşlarımızdan yaşadıqları və çalışdıqları yerlərdə məsuliyyətli davranmalarını, özünütəcrid qaydalarına riayət etmələrini israrla xahiş edirik.

Dövlətimiz hər zaman öz vətəndaşlarına diqqət, qayğı və dəstək göstərmişdir və bundan sonra da bu dəstəyini əsirgəməyəcəkdir.

Ölkəmizdəki vəziyyətə gəldikdə isə, COVID-19 haqqında təsdiqlənmiş ümumi məlumatlar,   dünyada mövcud vəziyyət, Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən tədbirlər, xəstəliyin profilaktikası, operativ xəbərlər və s. məlumatlar üçün https://koronavirusinfo.az/az internet portalından istifadə edə bilərsiniz.

Əziz həmvətənlərimiz!

Üzləşdiyimiz çətinliklər müvəqqəti xarakter daşıyır və onların öhdəsindən gəlmək üçün hər birimizin səfərbər olması, həmrəylik və təmkin nümayiş etdirməsi və müəyyən olunan qaydalara əməl olunması artıq dərəcədə xahiş olunur.  

Diqqətinizə görə təşəkkür edirəm.

 

Hörmətlə,

 

Azərbaycan Respublikasının

Bosniya və Herseqovinadakı Səfiri

Eldar Həsənov

Arxiv üzrə axtarış