2024-04-08

Azərbaycan Səfirliyinin maliyyə dəstəyi ilə Aliya Nametak adına orta məktəbdə 120 nəfərlik iftar süfrəsi təşkil olunub

Aprel ayının 7-də Bosniya və Herseqovinanın (BvH) Zenitsa şəhərində ölkədə fəaliyyət göstərən Dostluq Körpüsü Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Səfirliyinin maliyyə dəstəyi ilə Aliya Nametak adına orta məktəbdə 120 nəfərlik iftar süfrəsi təşkil olunub. İştirakçılar sırasında şəhər sakinləri ilə bir sırada ətraf kəndlərdəki müsəlman icmalarının  nümayəndələri də olub.

Dostluq Körpüsü Assosiasiyasının sədri Yasmin İmamoviç və məktəbin direktoru Diana Çerimin təşəbbüsü ilə məktəb bağçasında Azərbaycan Səfirliyinin Xatirə ağacı əkilib, bu münasibətlə xüsusi barelyef quraşdırılıb.

İftar süfrəsində səfir Vilayət Quliyev, Səfirliyin əməkdaşları, şəhər müftiliyinin nümayəndələri, yerli hakimiyyət orqanlarının təmsilçiləri, sıravi vətəndaşlar iştirak ediblər. Qurani-Kərimdən ayələr və Ramazan duaları oxunub. Məktəb şagirdləri  boşnak dilində ilahilər və Ramazan ayının fəzilətlərinə həsr olunmuş şeirlərdən nümunələr ifa ediblər. 

Yasmin İmamoviç çıxışında Azərbaycan səfirliyinin artıq ikinci ildir ki, sülh və qardaşlıq ayı olan müqəddəs Ramazan ayında Bosniya müsəlmanları üçün iftar süfrəsi açdığını, diqqət və qayğısı ilə onlarla insanı sevindirdiyini qeyd edib. O bildirib ki, Səfirliyinin bu təşəbbüsünün mühüm mənəvi dəyəri var. Burada toplanan insanlar Azərbaycanın simasında uzaq Bosniyada yaşayan müsəlmanlar üçün dost və qardaş ölkə görür, böyük insani və mənəvi dəstək hiss edirlər.

Səfir Vilayət Quliyev iftar süfrəsinə toplaşanları salamlayıb. BvH-da xalqımıza göstərilən böyük maraqdan, həqiqi dostluq və qardaşlıq hisslərinin açıq şəkildə ifadə olunmasından məmnunluğunu bildirib. Azərbaycan haqda qısa bilgi verən diplomat islam dünyasının hər yerində olduğu kimi ölkəmizdə də Ramazan bayramının geniş qeyd edildiyini, sülh və qardaşlıq, qarşılıqlı yardım və mənəvi kamillik imtahanına çevrildiyini vurğulayıb. BvH-nın yalnız dini mənsubiyyət deyil, tarix və tale baxımından da Azərbaycana yaxın ölkə, strateji tərəfdar olduğunu xüsusi qeyd edən səfir  müqəddəs Ramazan bayramı günlərində sadə bosniyalılarla bir yerdə, eyni bayram süfrəsi ətrafında olmaqdan böyük məmnunluq duyduğunu  diqqətə çatdırıb və bir daha iştirakçlıları bayram münasibəti ilə təbrik edib.

Azərbaycan Səfirliyinin təşəbbüsü şəhər müftiliyi, yerli hakimiyyət qurumları, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib və minnətdarlıq ifadə olunub.

 

 

Arxiv üzrə axtarış