2025-03-08

Azərbaycanın Respublikasının Bosniya və Herseqovinadakı səfirliyinin dəstəyi ilə Breza şəhər məscidində iftar süfrəsi təşkil olunub

8 mart 2025-ci il tarixində Bosniya və Herseqovinanın (BvH) Breza şəhərində bu ölkədə fəaliyyət göstərən Dostluq Körpüsü Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Səfirliyinin maliyyə dəstəyi ilə Breza şəhər məscidində 110 nəfərlik iftar süfrəsi təşkil olunub. İştirakçılar sırasında şəhər sakinləri ilə bir sırada ətraf kəndlərdəki müsəlman icmalarının  nümayəndələri də olub.

İftar süfrəsində səfir Vilayət Quliyev, Breza bələdiyyəsinin sədri Vedad Yusiç, Səfirliyin əməkdaşları, şəhər müftiliyinin nümayəndələri, yerli hakimiyyət orqanlarının təmsilçiləri, sıravi vətəndaşlar iştirak edib. Qurani-Kərimdən ayələr və Ramazan duaları oxunub.

Dostluq Körpüsü Assosiasiyasının sədri Yasmin İmamoviç çıxışında Azərbaycan səfirliyinin artıq üçüncü ildir ki, sülh və qardaşlıq ayı olan müqəddəs Ramazan ayında BvH müsəlmanları üçün iftar süfrəsi açdığını qeyd edib. O bildirib ki, Səfirliyin bu təşəbbüsünün mühüm mənəvi dəyəri var. Burada toplanan insanlar Azərbaycanın simasında uzaq BvH-də yaşayan müsəlmanlar üçün dost və qardaş ölkə görür, böyük insani və mənəvi dəstək hiss edirlər.

Səfir Vilayət Quliyev iftar süfrəsinə toplaşanları salayıb. BvH-də xalqımıza göstərilən böyük maraqdan, həqiqi dostluq və qardaşlıq hisslərinin açıq şəkildə ifadə olunmasından məmnunluğunu bildirib. Azərbaycan haqda qısa bilgi verən diplomat islam dünyasının hər yerində olduğu kimi ölkəmizdə də Ramazan bayramının geniş qeyd edildiyini vurğulayıb. BvH-nin yalnız dini mənsubiyyət deyil, tarix və tale baxımından da Azərbaycana yaxın ölkə, strateji tərəfdar olduğunu xüsusi qeyd edən səfir  müqəddəs Ramazan bayramı günlərində sadə bosniyalılarla bir yerdə, eyni bayram süfrəsi ətrafında olmaqdan böyük məmnunluq duyduğunu  diqqətə çatdırıb və bir daha iştirakçlıları bayram münasibətilə təbrik edib.

Azərbaycan Səfirliyinin təşəbbüsü şəhər müftiliyi, yerli hakimiyyət qurumları, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib və minnətdarlıq ifadə olunub.

 

 

Arxiv üzrə axtarış