İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Azərbaycan – Bosniya və Herseqovina münasibətləri

         Bosniya və Herseqovina Azərbaycanın müstəqilliyini 9 fevral 1995-ci ildə tanımış, elə həmin gün iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Bosniya və Herseqovinanın Türkiyədəki səfirliyi eyni zamanda Azərbaycanda akkreditə olunmuşdur. Bosniya və Herseqovinanın Türkiyədəki və eyni zamanda Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin (8 yanvar 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə etimadnaməsini təqdim etmişdir).

Azərbaycan Respublikasının Serbiyadakı səfiri Eldar Həsənov iqamətgahı Belqrad şəhərində olmaqla eyni zamanda Bosniya və Herseqovinada akkreditə olunmuş və 2011-ci ilin 27 yanvar tarixində etimadnaməsini Rəyasət Heyətinin sədri Neboyşa Radmanoviçə təqdim edərək, rəsmən səlahiyyətlərinin icrasına başlamışdır. 2011-ci ilin 1 mart tarixindən Azərbaycan Respublikasının Sarayevoda diplomatik nümayəndəliyi fəaliyyət göstərir.

 

İkitərəfli siyasi məsələlər

         Rəsmi əlaqələrin ardıcıllığı 

  • 30 noyabr 2000-ci il tarixində Azərbaycanda baş vermiş zəlzələ nəticəsində insan tələfatı ilə bağlı Bosniya və Herseqovinanın Ankaradakı Səfirliyi tərəfindən Azərbaycan Səfirliyinə başsağlığı məktubu göndərilmişdir.
  • 25 dekabr 2001-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən BMT-nin Baş Məclisinin 2001-ci il dekabr ayında keçirilmiş 56-cı iclasında “BMT və ATƏT arasında əməkdaşlıq haqqında” qətnamənin qəbul edilməsi zamanı Azərbaycanın irəli sürdüyü düzəlişə səsvermədə Bosniya və Herseqovinanın dəstəyinə görə minnətdarlıq notası göndərilmişdir.
  • 15 dekabr 2003-cü ildə Bosniya və Herseqovina Prezident Şurasının sədri D.Koviç H.Əliyevin vəfatı ilə əlaqədar başsağlığı məktubu göndərmişdir.
  • 18-20 mart 2004-cü ildə Milli Məclisin üzvləri Z.Oruc, R.Qafarov və Milli Məclisin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İ.Quliyev NATO tərəfindən təşkil olunmuş Rose-Roth 56-cı seminarda iştirak etmək üçün Bosniya və Herseqovinanın Sarayevo şəhərində səfərdə olmuşlar. Seminar Bosniya və Herseqovinanın münaqişədən sonrakı vəziyyətinə həsr olunmuşdu.
  • 22 oktyabr 2004-cü ildə Xarici İşlər Naziri E.Məmmədyarov Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət barədə məsələnin BMT BM-nin 59-cu iclasının gündəliyinə salınmasına dəstək verilməsi ilə bağlı Bosniya və Herseqovinanın Xarici İşlər Naziri M.İvanicə məktub, 28 oktyabrda bəndin lehinə səs verilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyi həmin ölkənin Xarici İşlər Nazirliyinə nota göndərmişdir. Səsvermədə Bosniya və Herseqovina bitərəf qalmışdır.
  • 19-21 iyun 2006-cı ildə Bosniya və Herseqovinanın Xüsusi tapşırıqlar üzrə səfiri N.Conconi İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.
  • 2 oktyabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev BAKUTEL-2006 XII Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-konfransının işində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın Rabitə və Nəqliyyat naziri B.Dokici qəbul etmişdir.
  • 5-8 mart 2007-ci ildə Bosniya və Herseqovinanın Türkiyədə və eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri xanım N.Jankoviç Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı N.Jankoviç Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə etimadnaməsini təqdim etmiş, xarici işlər naziri E.Məmmədyarov, iqtisadi inkişaf naziri H.Babayev, sənaye və ticarət Palatasının Sədri S. Tatlıyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbovla görüşlər keçirmişdir.
  • 23 iyun 2010-cu il tarixində İslam İnkişaf Bankı Direktorlar Şurasının Bakıda keçirilmiş 35-ci illik toplantısında iştirak etmək məqsədilə Bosniya və Herseqovina Prezidentinin xarici əlaqələr üzrə müşaviri S.Hodziç və Beynəlxalq Bankın icraçı direktoru Armen Bukviç Azərbaycanda səfərdə olmuşlar. Səfər zamanı İqtisadi İnkişaf Naziri Ş. Mustafayev, XİN-nin müavini M.Məmməd-Quliyev ilə görüşlər keçirilmişdir.                                      
  • 12-13 oktyabr 2010-cu il tarixində Bosniya və Herseqovinanın Türkiyədə və eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Draqolyub Lyepoya Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı D.Lyepoya Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə etimadnaməsini təqdim etmiş və xarici işlər naziri E.Məmmədyarovla görüş keçirmişdir.
  • 11-13 yanvar 2011-ci il tarixlərində  Bosniya və Herseqovinanın xarici işlər naziri S.Alkalay Azərbaycana səfər etmişdir. Səfər zamanı Azərbaycan Prezidenti, Baş nazir və xarici işlər naziri ilə görüşlər keçirilmişdir. 
  • 1 mart 2011-ci il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Diplomatik Nümayəndəliyin üzərində Azərbaycan bayrağı qaldırılmış və nümayəndəlik rəsmi fəaliyyətə başlamışdır.
  • 8 noyabr 2011-ci il tarixində ölkəmiz tərəfindən Sarayevo şəhərindəki Bakı küçəsi əsaslı şəkildə təmir olunmuş, açılış mərasimində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iştirak etmişdir.
  • 20 may 2012-ci il tarixində NATO-nun Çikaqo sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunmuş və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.
  • 2011-2012-ci illərdə Azərbaycan dövlətinin dəstəyi ilə Sarayevoda BvH - Azərbaycan Dostluq parkı inşa olunmuş, parkı qarşıdakı Dobrinya gimnaziyası ilə ayıran Dobrinya çayı üzərində körpü inşa edilmiş, qeyd olunan parkda Srebrenitsa və Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır. Açılış mərasimində BvH Rəyasət Heyətinin üzvü B.İzetbeqoviç və Heydər Əliyev Fondunun vitse-prezidenti L.Əliyeva iştirak etmişlər. Ölkədəki siyasi sistemin ortaya çıxardığı mürəkkəb ictimai-siyasi abu-hava və əsas etnik qruplar arasındakı gərginliyə baxmayaraq, B.İzetbeqoviç Rəyasət Heyətinin serb və xorvat icmalarından seçilmiş digər üzvlərinin qeyd olunan layihələrin həyata keçirilməsi üçün  siyasi razılığının alınmasına müvəffəq olmuş, xanım L.Əliyeva ilə görüşməsi üçün qızı xanım Yasmina İzetbeqoviçin İspaniyadan həmin günlərdə ölkəyə gəlməsini təmin etmişdir.
  • 17-20 oktyabr 2012-ci il tarixlərində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bekir İzetbeqoviç Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində 3 saziş və 1 anlaşma memorandumu (İxracın və İnvestisiyaların Təşviqi Fondu AZPROMO ilə Bosniya və Herseqovinanın Ticarət Palatası arasında) imzalanmışdır. Səfər çərçivəsində o AR Prezidenti, Milli Məclisin sədri ilə görüşmüş, Heydər Əliyev Fondunda olmuşdur.
  • Bosniya və Herseqovinanın Türkiyədə, eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Damir Dzanko 29 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə etimadnaməsini təqdim etmiş və xarici işlər naziri E.Məmmədyarovla görüş keçirmişdir.
  • 2012-ci il ərzində Heydər Əliyev Fondu tərəfindən Sarayevoda Kor və Zəif Görən Uşaqlar məktəbinin və internatın əsaslı təmiri və yenidənqurma işləri həyata keçirilmişdir.
  • 4-7 fevral 2013-cü ildə Bosniya və Herseqovina Parlament Assambleyasının Nümayəndələr Palatasının sədri  Bozo Lyubic və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı B.Lyubic Milli Məclisin sədri O.Əsədov və digər rəsmi şəxslərlə görüşlər keçirmişdir. B.Lyubic  Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuşdur.
  • 18-19 fevral 2013-cü il tarixində Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev Bosniya və Herseqovinada işgüzar səfərdə olmuşdur. Səfər zamanı Bosniya və Herseqovinanın Banya Luka şəhərində Azərbaycan və Bosniya və Herseqovinanın Serb Respublikası arasında biznes forum keçirmişdir. Azərbaycan tərəfindən  nümayəndə heyətinin tərkibində, həmçinin Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak etmişdir.
  • Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının 26 fevral 2013-cü il tarixli iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd - "Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması"na dair qətnamə qəbul olunmuşdur.
  • 10-11 iyun 2013-cü ildə Bosniya və Herseqovinanın Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Zlatko Laqumdziya Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı Zlatko Laqumdziya xarici işlər naziri E. Məmmədyarov, iqtisadi inkişaf naziri Ş.Mustafayev və digər rəsmi şəxslərlə görüşlər keçirmişdir. Zlatko Laqumdziya Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuşdur.
  • 28 sentyabr 2013-cü ildə BMT Baş Assamleyasının 68-ci sessiyasının açılışında iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinanın Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Zlatko Laqumdziya ilə görüş keçirmişdir. 
  • 12-15 yanvar 2014-cü ildə Bosniya və Herseqovinanın AŞPA-dakı nümayəndə heyətinin üzvü xanım Miliça Markoviç Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı M.Markoviç AR Baş nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüş keçirmişdir.
  • 27-29 aprel 2014-cü ildə Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumdziya Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişdir. Səfər zamanı Z.Laqumdziya Azərbaycan Respublikasının Baş naziri Artur-Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüş keçirmişdir.
  • 28-29 aprel 2015-ci ildə Bosniya və Herseqovinanın keçmiş xarici işlər naziri Zlatko Laqumdziya Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişdir.
  • 12 iyun 2015-ci il tarixində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç I Avropa oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etmiş, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevlə görüşmüşdür.
  • 10-12 mart 2016-cı il tarixlərində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç IV Qlobal Bakı Forumunda iştirak etmək məqsədi ilə Azərbaycana səfər etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüşdür.  Həmçinin Mladen İvaniçə Bakı Slavyan Universiteti tərəfindən fəxri doktor adı verilmişdir. 
  • 13 aprel 2016-cı il tarixində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüşdür.
  • 1-2 dekabr 2016-cı il tarixlərində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində İ. Çrnadak Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdür.
  • 23 fevral 2017-ci il tarixində Bosniya və Herseqovinanın xarici ticarət naziri Mirko Saroviç  “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.
  • 16-18 mart 2017-ci il tarixlərində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç V Qlobal Bakı Forumunda iştirak etmək məqsədi ilə Azərbaycana səfər etmişdir. Səfər zamanı M.İvaniç Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüşdür.
  • 22-23 may 2017-ci il tarixlərində Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "VIII Beynəlxalq İnvestisiya Konfransı-Sarayevo Biznes Forumu"nda iştirak etmək üçün Sarayevo şəhərində səfərdə olmuşdur.
  • 10 sentyabr 2017-ci il tarixində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç Astanada İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin elm və texnologiyaya həsr edilmiş Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüşdür.
  • 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində “İslam Həmrəyliyi İli” çərçivəsində “2017 İslam həmrəyliyi ilinin mədəniyyətlər və dinlər arası dialoqun inkişafında rolu” mövzusunda beynəlxalq konfransda Bosniya və Herseqovinanın İslam Cəmiyyətinin baş muftisi Hüseyn ef. Kavazoviç iştirak etmişdir.
  • 15-17 mart 2018-ci il tarixlərində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç və Bosniya və Herseqovinanın Nazirlər Şurası Sədrinin müavini, xarici ticarət və iqtisadi əlaqələr naziri Mirko Saroviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunda iştirak etmək məqsədi ilə Azərbaycana səfər etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüşlər.
  • 3-6 aprel 2018-ci il tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının nazirlər konfransında Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadakın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
  • 25-26 aprel 2018-ci il tarixlərində Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "IX Beynəlxalq İnvestisiya Konfransı-Sarayevo Biznes Forumu"nda iştirak etmək üçün Sarayevo şəhərində səfərdə olmuşdur. 
  • 12 iyul 2018-ci il tarixində Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç ilə görüşmüşdür.
  • 30 iyul 2018-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının, Türk Dünyası Bələdiyyələri Birliyinin və Bosniya və Herseqovinanın bələdiyyə nümayəndələrinin görüşü keçirilmişdir. Görüşdə Bosniya və Herseqovinanın Novi Qrad bələdiyyəsinin sədri Semir Efendiçin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
  • 19 sentyabr 2018-ci il tarixində Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədri Mladen Boşiç Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfər etmişdir.
  • 26 oktyabr 2018-ci il tarixində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Bosniya və Herseqovinanın Federal Xəbər Agentliyi (FENA) arasında VI Bakı Beynəlxalq Humanitar Forumunun “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda keçirilən işçi sessiyası çərçivəsində “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır.
  • 15-20 dekabr 2018-ci il tarixlərində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti (Salman Umudov – Bakı şəhəri Binəqədi bələdiyyəsinin sədri, Vüqar Quliyev – Bakı şəhəri Nizami bələdiyyəsinin sədri, Zakir Cəfərov – Bakı şəhəri Yasamal bələdiyyəsinin sədri və Etibar Həsənov – iş adamı) və Türk Dünyası Bələdiyyələri Birliyinin sədri Fəxri Solak Sarayevo şəhərinin Novi Qrad bələdiyyəsinin sədri Semir Efendiçin dəvəti ilə Novi Qrad bələdiyyəsinin yaranmasının 41-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Bosniya və Herseqovinaya səfər etmişdir.
  • 14-16 mart 2019-cu il tarixlərində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Djaferoviç VII Qlobal Bakı Forumunda iştirak etmək məqsədi ilə Azərbaycana səfər etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüşdür. Həmçinin, BvH Rəyasət Heyətinin keçmiş üzvü, Demokratik Tərəqqi Partiyasının təsisçisi Mladen İvaniç və BvH-ın keçmiş Nazirlər Şurasının sədr müavini Zlatko Laqumdziya VII Qlobal Bakı Forumunda iştirak etmişlər.
  • 8-9 may 2019-cu il tarixlərində Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının 28-ci İllik Toplantısında iştirak etmək üçün Sarayevo şəhərində səfərdə olmuşdur. 
  • 9-11 oktyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ölkələr arasında qida təhlükəsizliyi, bitki sağlamlığı və baytarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə qida məhsullarının idxal və ixrac prosedurları ilə bağlı müzakirələrin aparılması məqsədi ilə Bosniya və Herseqovinada işgüzar səfərdə olmuşdur.
  • 25-26 oktyabr 2019-cu il tarixlərində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodik Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək məqsədi ilə Azərbaycana səfər etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüşdür.

Müqavilə-hüquq bazası:

Azərbaycan ilə Bosniya və Herseqovina arasında 6 ikitərəfli sənəd imzalanmışdır.

Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında imzalanmış sənədlərin siyahısı:                                                                                 

1. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Bosniya və Herseqovina Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol” Bakı, 12.01.2011

2. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bosniya və Herseqovinanın Mülki İşlər Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” Bakı, 18 oktyabr 2012

3. “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovina Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” Bakı, 18 oktyabr 2012

4. “Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş” Bakı, 18 oktyabr 2012

5. "Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Bosniya və Herseqovina Xarici Ticarət Palatası arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş" Bakı, 18 oktyabr 2012

6. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Bosniya və Herseqovinanın Federal Xəbər Agentliyi (FENA) arasında “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” Bakı, 26 oktyabr 2018-ci il.

Arxiv üzrə axtarış