2017-07-03

Avropa ölkələrinin səhiyyə qurumlarının kadr potensialı gücləndirilir

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin təşkilatçılığı ilə “Səhiyyə siyasətinin formalaşmasında səhiyyənin informasiyalaşdırılması aspektlərinin və aparılan elmi tədqiqatların dərindən öyrənilməsi”nə həsr olunmuş kurs keçirilib. Kursa əsasən səhiyyəyə dair məlumatların təhlili, səhiyyə siyasətinin formalaşdırılması və icrası sahəsində çalışan, əhalinin sağlamlığı sahəsində statistik məlumatlarla işləyən, araşdırmaların aparılması ilə məşğul olan mütəxəssislər dəvət olunub.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) rəhbər işçiləri – mərkəz direktorunun birinci müavini Rauf Məmmədov və Monitorinq və təhlil şöbəsinin müdiri Qəhrəman Haqverdiyev kursda iştirak edib.

Kursun əsas məqsədi səhiyyənin informasiyalaşdırılması, Avropa regionu ölkələrinin səhiyyə qurumlarının kadr potensialının gücləndirilməsindən ibarət olub.

Mühazirələr, fərdi və qrup şəkilində məşğələlərdən ibarət təlim zamanı iştirakçıların hər biri öz ölkəsinin məlumatları əsasında “Sağlamlıq-2020”-nin göstəricilərinə uyğun şəkildə tövsiyələr verib, zəncirvari araşdırma aparılıb.

Arxiv üzrə axtarış