2016-12-01

Bosniya və Herseqovinanın xarici işlər naziri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak dekabrın 1-də Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn nazir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən xarici işlər nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Arxiv üzrə axtarış