2011-08-24

Bosniya və Herseqovinanın kitabxanaları ilə əməkdaşlıq əlaqələri genişlənir

Prezident İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektoru Bosniya və Herseqovinanın kitabxanaları ilə əlaqə yaratmışdır.

Kitabxana sektorunun nümayəndəsi Bosniya və Herseqovinaya səfər etmişdir. Səfər çərçivəsində Tuzla şəhərinin meri Jasmin İmamoviç, Tuzla Kantonu baş nazirinin mədəniyyət və informasiya sahəsi üzrə köməkçisi Jasna Hifziefendiç, kantonun mədəniyyət, təhsil, elm sahəsi üzrə köməkçisi Zlatko Dukiç, “Dervis Susic” Kütləvi və Universitet Kitabxanasının direktoru xanım Enisa Zuniç və digər kitabxana rəhbərləri ilə görüşlər keçirilmişdir.

Görüşlərdə Azərbaycan, onun zəngin mədəniyyəti, kitabxanaları, habelə ölkəmizin inkişafı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verilmişdir.

Nazirliyin kitabxana sektorunun məsləhətçisi Samir Abbasov “Dervis Susic” Kütləvi və Universitet Kitabxanasında Azərbaycan guşəsinin yaradılması təklifi ilə çıxış etmiş və bu ideya şəhər rəhbərliyi, kitabxananın rəhbərliyi tərəfindən qəbul olunmuşdur. Azərbaycan guşəsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, incəsənəti, adət-ənənələri, ədəbiyyatı və s. mövzularda müxtəlif nəşrlərin göndərilməsi razılaşdırılmışdır.

Səfər çərçivəsində Azərbaycanın C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə “Dervis Susic” Kütləvi və Universitet Kitabxanası arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır.

Memorandumda tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulması, kitabxana-informasiya sahəsinin aktual məsələlərinə dair təcrübə mübadiləsinin aparılması, birgə layihələrdə iştirak, birgə nəşrlərin hazırlanması, qarşılıqlı seminar və konfranslarda iştirak, hər iki kitabxanada ölkələrimizin mədəniyyətini, tarixini, turizmini, ədəbiyyatını təbliğ etmək məqsədi ilə sərgi və guşələrin yaradılması nəzərdə tutulmuşdur.

“Dervis Susic” Kütləvi və Universitet Kitabxanasının direktoru xanım Enisa Zuniç Balkan Kitabxanalar Birliyinin əlaqələndiricisi və ölkə nümayəndəsidir. Bu məqsədlə Azərbaycan kitabxanalarının Balkan Kitabxanalar Birliyində təmsil olunması məsələsi müzakirə edilmiş və həmin təşkilata üzvlüklə bağlı ölkəmizin kitabxanalarına müvafiq köməkliyin göstərilməsi razılaşdırılmışdır. Bundan əlavə, Bosniya və Herseqovinanın “Dervis Susic” Kütləvi və Universitet Kitabxanası ilə Azərbaycanın F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Qardaşlaşmış kitabxanalar” elan olunmuşdur.

Səfər zamanı Bosniya və Herseqovina müharibəsi nəticəsində şəhid olmuş “Serbinidza” qurbanlarının uyuduğu kütləvi məzarlıq və memorial kompleks ziyarət edilmişdir.

Arxiv üzrə axtarış