2017-10-20

Azərbaycan multikulturalizmi amerikalı politoloq tərəfindən Bosniya və Herseqovinada təqdim olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) tədqiqat təcrübəsi keçən ABŞ-dan olan jurnalist və siyasi araşdırmaçı Peter Teys Bosniya Herseqovinanın Travnik Universitetində Azərbaycan multikulturalizmi ilə bağlı mühazirə ilə çıxış edib. Tədbir universitetin 10 illik yubileyi ilə əlaqədar BBMM-in təşkilatçılığı və professor Sabahudin Hadzialicin təşəbbüsü ilə baş tutub.

Peter Teys mühazirəsində Azərbaycanın multikultural dəyərləri, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərdən bəhs edib. Mühazirədə, eyni zamanda, Azərbaycanın qədim arxitektura ənənələrinə, Memar Əcəmi Naxçıvani tərəfindən yaradılan abidələrin arxitektura baxımından unikallığı vurğulanıb.

Peter Teys Azərbaycanın 25 ildən çoxdur işğal olunmuş ərazilərində ətraf mühitin məhv edilməsi, mədəni və dini abidələrin tamamilə dağıdılmasına yönəldilmiş fəaliyyət və Azərbaycanın mülki vətəndaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən 1987-ci ildən bu günə qədər öldürülməsi həqiqətlərindən danışıb. O deyib: “Ermənistan və Azərbaycan arasında münaqişənin müasir mərhələsi 1987-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xankəndi ərazisindəki hücumları ilə başladı, daha sonra Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla 7 ətraf rayonu Ermənistan tərəfindən işğal olundu. Bütün bu ərazilər etnik təmizləməyə məruz qaldı, 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından zorla çıxarılıb, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

Peter Teys müxtəlif xalqların və dinlərin nümayəndələrinin birgə yaşayışı, eləcə də yəhudilərin Azərbaycanda məskunlaşması üçün şəraitin yaradılması, kompakt halda məskunlaşdıqları Quba rayonu Qırmızı Qəsəbəsinin unikallığı, eləcə də Azərbaycanda antisemitizmin mövcud olmamasını, buranın onlar üçün təhlükəsiz məkan olduğunu qeyd edib.

Mühazirədə, eyni zamanda, Sarayevo və Bakı şəhərləri arasında qardaşlaşmış şəhərlər haqqında sazişin 42 illik yubileyi xüsusi vurğulanıb. 200-ə yaxın tələbənin, həmçinin Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyinin müşaviri Elnur Quliyevin də iştirak etdiyi mühazirədə Peter Teys iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən söz açıb. O, 2017-ci ilin martında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç və 2017-ci ilin sentyabrında Astanada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç ilə yaddaqalan görüşünü xatırladıb.

ABŞ-dan olan siyasi araşdırmaçı universitetin tələbələri ilə görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi tədbirlər, eləcə də Mərkəzin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevin rəhbərliyi ilə universitetdə mövcud təcrübə, Amerikan Mərkəzi, Çin mədəniyyət mərkəzi və müxtəlif dillərdə tədqiqat aparmağın mümkünlüyü barədə məlumat verib. Universitetin kitabxanasına Azərbaycan multikulturalizminə dair kitablar hədiyyə olunub.

Sarayevo şəhərinə səfəri zamanı Peter Teys, eyni zamanda, şəhər federal radiostansiyasının səhər proqramına müsahibə verib və Azərbaycan həqiqətləri barədə geniş söhbət açıb.

Arxiv üzrə axtarış