2014-06-27

Bosniya və Herseqovinada “Etimad layihəsi”nin meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının emalı üzrə fabrikin təməlqoyma mərasimi keçirilmişdir

Bosniya və Herseqovinanın Doboy şəhərində BMT-nin bayrağı altında “Etimad layihəsi”nin meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının emalı üzrə fabrikin təməlqoyma mərasimi keçirilmişdir.

Azərbaycan Respublikası Hökumətinin və BMT-nin dəstəyi ilə Azərbaycanın “Benkons” MMC-nin vəsaiti hesabına həyata keçirilən layihəyə 40 milyon avro məbləğində investisiya yatırılması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi ilə Azərbaycan Bosniya və Herseqovinada yeni iş yerlərinin açılmasına, müasir texnologiyaların tətbiqi ilə kənd təsərrüfatı sahəsinin və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına töhfə vermiş olacaqdır. Layihə, həmçinin millətlərarası və dinlərarası etimad, dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə təkan verəcəkdir. Şübhəsiz, bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil və müasir Azərbaycanda həyata keçirilən məqsədyönlü və uzaqgörən xarici siyasətin növbəti uğurudur.

Mərasimdə Bosniya və Herseqovinanın dövlət və hökumət rəsmiləri, ölkə parlamentinin deputatları, o cümlədən Rəyasət Heyətinin üzvləri Bakir İzetbeqoviç, Jelko Komşiç və Neboyşa Radmanoviç, beynəlxalq təşkilatların buradakı ali təmsilçisi Valentin İnsko, BMT-nin Bosniya və Herseqovinadakı rezident-əlaqələndiricisi Yuri Afanasyev, Sarayevoda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, tanınmış siyasi və ictimai xadimlər, KİV nümayəndələri iştirak etmişlər. Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov, eləcə də ölkəmizin Sarayevodakı diplomatik nümayəndəliyinin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Serbiya-Azərbaycan Ticarət Palatasının və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi də tədbirdə iştirak etmişlər.

Mərasimdə çıxış edən E.Həsənov Bosniya və Herseqovinada və Serbiyada baş vermiş təbii fəlakətin nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı vermişdir. O, Bosniya və Herseqovinada, eləcə də Serbiyada baş vermiş təbii fəlakətin nəticələri haqqında xəbərin Azərbaycanda böyük üzüntü ilə qarşılandığını və Prezident İlham Əliyevin birbaşa tapşırığına əsasən dərhal hər bir ölkəyə 400 min avrodan artıq məbləğdə xüsusi təyyarə reysləri ilə humanitar yardımın gətirildiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, bu addım ölkələrimiz arasında mövcud strateji tərəfdaşlığın əməli təzahürünü bir daha sübut etdi.

Səfir ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq, əməkdaşlıq əlaqələrinin son illərdə bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə sürətlə inkişaf etdiyini vurğulamışdır. Bildirmişdir ki, hazırda təməli qoyulan “Etimad layihəsi” Azərbaycan ilə Bosniya və Herseqovina xalqlarının daha da yaxınlaşmasına, qardaşlaşmasına xidmət edən ortaq mənəvi dəyərlərin təcəssümüdür. Qısa müddətdə Azərbaycan tərəfindən ölkələrimiz arasında iqtisadi və humanitar körpülərin qurulması istiqamətində Bosniya və Herseqovinada mühüm layihələr həyata keçirmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın maliyyə dəstəyi ilə müasir memarlıq üslubuna uyğun təmir və abadlıq işləri nəticəsində “Bakı” küçəsi Sarayevo şəhərinin gözəl guşələrindən birinə çevrilmişdir. Bütün dünyada həyata keçirdiyi humanitar layihələrlə böyük rəğbət qazanmış Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ötən ilin iyununda Balkan regionunda bu qəbildən tək müəssisə olan və müxtəlif millətlərə məxsus əlil uşaqların təhsil aldığı əlil, kor və görmə qabiliyyətli məhdud uşaq və gənclər üçün mərkəzin və internatın əsaslı təmir və yenidənqurma işləri artıq başa çatmışdır. Həmçinin Azərbaycan dövlətinin təşəbbüsü və dəstəyi ilə 2013-cü ilin noyabrında Banya Luka şəhərində bu ölkənin ən böyük müəssisələrdən olan Sosial Geriatrik Mərkəzi əsaslı təmir və bərpa edilmişdir.

E.Həsənov qeyd etmişdir ki, Azərbaycan ilə Bosniya və Herseqovina xalqlarını birləşdirən səciyyəvi xüsusiyyətlərdən biri hər ikisinin bənzər faciələr yaşamasıdır. Azərbaycan xalqının və ümumilikdə bəşəriyyətin müasir tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Sarayevoda, Dobrinya çayı sahilində yeni salınmış Azərbaycan-Bosniya və Herseqovina dostluq parkında faciəni özündə əks etdirən abidə kompleksi yaradılmışdır. Bununla yanaşı, səfir iki ölkə arasında etimad və əməkdaşlıq mühitinin əməli nəticəsi olaraq, Bosniya və Herseqovinanın Parlament Məclisinin yuxarı palatası olan Xalqlar Palatasının 26 fevral 2013-cü il tarixli iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd – “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” barədə qətnamə qəbul edildiyini minnətdarlıq hissi ilə xatırlatmışdır.

Layihə çərçivəsində millətlərarası və dinlərarası körpünün qurulmasına, müxtəlif xalqların nümayəndələri arasında ünsiyyətin artmasına, müştərək etibar və etimad mühitinin yaradılmasına ciddi töhfə veriləcəkdir. E.Həsənov bütün Bosniya və Herseqovina vətəndaşlarına regionda sülhün və əmin-amanlığın bərqərar olması, gələcək nəsillərin dinc, firavan, dostluq, əməkdaşlıq şəraitində birgə yaşamaları naminə səylərini birləşdirməyi arzu etmişdir.

Tədbirdə çıxış edən Bakir İzetbeqoviç, Valentin İnsko, Yuri Afanasyev, Doboy şəhərinin meri Obren Petroviç və “Benkons Bosna” şirkətinin direktoru Elin Zalov layihənin Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq münasibətlərini və əməkdaşlığı daha da dərinləşdirməklə yanaşı, bu ölkədə və ümumilikdə Qərbi Balkan regionunda sülhün və təhlükəsizliyin bərqərar olmasına öz əməli töhfəsini verəcəyinə əminliklərini bildirmişlər.

Çıxış edənlər Azərbaycanın bu ölkədə həyata keçirdiyi humanitar layihələrə, baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədi ilə göndərilən humanitar yardıma görə Azərbaycan dövlətinə, xalqına və xüsusən də Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Arxiv üzrə axtarış