2018-09-29

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı

"Birləşmiş Millətlər Təşkilatının bütün insanlara uyğunlaşdırılması: Qlobal liderlik və dinc, ədalətli və dayanıqlı cəmiyyətlər üçün birgə məsuliyyət"

Nyu York, 28 Sentyabr, 2018-ci il

 

Cənab Vitse-Prezident,

Xanımlar və cənablar,

Xanım Maria Fernanda Espinosa Qarsesi, bu yüksək məsuliyyətli vəzifəyə dördüncü qadın olaraq Baş Assambleyanın sədri kimi seçilməsi münasibətilə təbrik etməkdən və ona mühüm vəzifələrini uğurla yerinə yetirməyi arzulamaqdan məmnunluq duyuram. Xanım Espinosa səlahiyyət müddəti ərzində Azərbaycanın tam dəstəyinə arxalana bilər. Biz həmçinin, Assambleyanın yetmiş ikinci sessiyasına sədrlik edərkən gördüyü böyük işi üçün cənab Miroslav Layçaka da təşəkkür edirik.

Mən Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşə təşkilatın səmərəliliyinin artırılmasına yönəldilmiş qətiyyətli rəhbərliyi və səyləri üçün dərin hörmət və minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, bu yaxınlarda vəfat edən BMT-nin sabiq baş katibi - "sülh tərəfdarı” -  Kofi Annanı yad etmək istərdim. Onun mirası hamımız üçün əsl ilham olaraq qalacaq.

 

Cənab Vitse-Prezident,

Bu ilki Ümumi müzakirələrin mövzusu çox vaxtında və hamımız üçün olduqca əhəmiyyətli olan məsələləri təcəssüm etdirir. Biz fərqli milli cəmiyyətləri təmsil edən insanlar arasındakı qarşılıqlı əlaqələrin yalnız daha güclü və daha geniş olmasına səbəb olan qloballaşan bir dünyada yaşayırıq.

Azərbaycan Baş katibin müharibələrin qarşısını almaq və sülhün qorunmasına, eləcə də münaqişələrə və böhranlara erkən və effektiv cavab vermək, üzv dövlətlərə sülhün bərqərar olması, möhkəm və firavan cəmiyyətlərin qurulması işində yardım etməsini və Birləşmiş Millətlər Təşkilatının daha ardıcıl, bütöv, təsirli və səmərəli olmasını  təmin etməsi üçün göstərdiyi əzmi tam dəstəkləyir.

Biz 2030-cu il üçün Dayanıqlı İnkişaf Gündəliyini həyata keçirmək yoluna qədəm qoyaraq, öhdəliklərimizi nə dərəcədə yerinə yetirdiyimizi müəyyən etmək üçün mütəmadi olaraq özümüzü sınamalıyıq. Müvafiq resurslarla dəstəklənən dövlətlər arasında koordinasiya edilmiş səylər və ortaq məsuliyyətlər dayanıqlı gələcəyi təmin etmək və heç kimin geridə qalmamasını təmin etmək üçün vacibdir.

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) nəzərə alaraq milli inkişaf strategiyasını uyğunlaşdırmışdır və yaxşı idarəetməni, davamlı artımı, qanunun aliliyini gücləndirən, insan hüquqlarına hörməti təmin edən, ictimai xidmətlərin asanlaşdırılmasını təchiz edən geniş miqyaslı proqramlar həyata keçirir və inklüziv cəmiyyətlərin qurulmasını təbliğ edir.

Biz vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması yolunda qarşımıza qoyulan məqsədləri həyata keçirmək üçün səylərimizi ardıcıl şəkildə davam etdiririk. Ölkədə yoxsulluq səviyyəsi 5,4 faiz, işsizlik səviyyəsi isə 5 faiz səviyyəsindədir. Davos Dünya İqtisadi Forumu üzrə rəqabət qabiliyyətinə görə Azərbaycan 35-ci yeri tutur. İnkişaf etməkdə olan ölkələr arasında Azərbaycan inklüziv inkişaf indeksinə görə sayca üçüncü yerdədir.

Azərbaycan uzlaşmanın təşviqi vasitəsilə regional inkişaf səylərinə öz töhfəsini verir. Bu, qitələri bir araya gətirmək, qarşılıqlı faydalı əməkdaşlıq üçün bir platform yaratmaqda mühüm rol oynayır. Şərq-Qərb nəqliyyat dəhlizi 2017-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb. Bu, Asiya-Avropa və əksinə istiqamətdə malların daşınması üçün ən azı iki həftə vaxta qənaət etməyə imkan verən nəqliyyat dəhlizidir. Digər mühüm layihələr bizim səylərimiz nəticəsində qonşu ölkələrlə birgə gerçəkləşən Cənub-Şimal və Cənub-Qərb dəhlizləridir. Azərbaycan əsasən bu dəhlizlərə sərmayə qoyur və hər iki təşəbbüsün fəal iştirakçısıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Liman Kompleksinin tikintisinin birinci mərhələsi 2018-ci ilin may ayında istifadəyə verilib. Limanın yükaşırma qabiliyyəti ildə 15 milyon tona çatacaq və bundan sonrakı mərhələ yükaşırma qabiliyyətini 25 milyon tona çatdırmağa hesablanıb.

Azərbaycan, həmçinin Frankfurt şəhərindən Honq-Konq şəhərinə istiqamətlənən transmilli fiber-optik xəttin çəkilməsini nəzərdə tutan "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinin təşəbbüsünü irəli sürüb. Bu fiber-optik xətt, hər saniyənin vacib olduğu rəqabət dövründə Şərq və Qərbi birləşdirən ən qısa xətt olacaqdır.

Bu gün Azərbaycan dünyaya özünün müstəqil, davamlı və dinamik iqtisadiyyatda birgə yaşayan müxtəlif xalqlar və dinlər arasında sülh və tolerantlıq mühiti, daxili sabitlik, vətəndaş birliyi və cəmiyyətdə həmrəyliyə əsaslanan inkişaf modelini təklif edir.

İqtisadi inkişafı, müvəffəqiyyətli sosial siyasəti, zəngin insan kapitalı və multikulturalizmin ənənəvi dəyərləri ilə əldə olunmuş nailiyyətlərindən ilhamlanaraq, Azərbaycan paytaxtı Bakı şəhərində dünya EXPO 2025-in keçirilməsini təklif etmək qərarına gəldi. Bizim mövzumuz - "İnsan kapitalının inkişafı, daha yaxşı bir gələcək qurmaq"dır - bu universal narahatlıq doğuran bir məsələdir və Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu həm də beynəlxalq inkişaf gündəliyinə, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinə tam uyğun gəlir.

Şərqi Avropa, Qafqaz və Xəzərin bütün regionu heç vaxt Dünya EXPO sərgisinə ev sahibliyi etməmişdir. Bu baxımdan, Ümumdünya EXPO 2025 Bakı öz ənənəvi coğrafiyasını genişləndirmək baxımından həqiqətən universal olacaqdır və tarix baxımından qısa müddəti əhatə edən 27 illik müstəqilliyi dövründə Azərbaycan kimi ölkələrin Ümumdünya Expo kimi böyük tədbirlərə müraciət etməklə əlamətdar nəticə əldə edə bilməsinə canlı nümunə olacaq. Bu fürsətdən istifadə edərək bu ilin noyabr ayında Parisdə keçiriləcək seçkilərdə Beynəlxalq Sərgilər Bürosunun üzv dövlətlərinə Bakıya səs vermələrini xahiş edirəm.

Dayanıqlı iqtisadi artım Azərbaycana yalnız milli inkişaf strategiyasına diqqət yetirməyə deyil, həm də beynəlxalq inkişaf səylərini aktiv şəkildə dəstəkləməyə imkan vermişdir. Azərbaycan Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) vasitəsilə bir sıra ölkələrə beynəlxalq humanitar və inkişafa yardım göstərmişdir. Xüsusilə inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin, eləcə də təbii fəlakətdən xilas olanların ehtiyaclarının ödənilməsinə xüsusi diqqət ayrılmışdır.

 

Cənab Vitse-Prezident,

Bu il BMT-nin İnsan Hüquqları Bəyannaməsinin 70 illiyini qeyd etməyimiz münasibətilə, Azərbaycan Respublikasının prioritet istiqamətləri kimi demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının qorunması ilə bağlı öhdəliyimizi bir daha bəyan edirik. Hökumətimiz bütün Azərbaycan vətəndaşları üçün insan hüquqları və əsas azadlıqlardan tam istifadə etmək üçün lazımı şərait yaratmaq məqsədilə geniş miqyaslı proqramlar həyata keçirir.

Təhsil, daxili siyasətimizdə prioritetdir, çünki yaxşı təhsilli bir cəmiyyət uğurlu və davamlı inkişafın təminatlarından biridir. Ölkədə sağlamlıq hüququ tam təmin edilir. Hər il 5 milyondan çox insanın - ölkə əhalisinin yarısı - tibbi müayinələri tamamilə dövlət büdcəsindən maliyyələşdirilir. Azərbaycan müsəlman dünyasında qadınlara 1918-ci ildə səs vermək hüququ verən ilk ölkə olmuşdur. Azərbaycan gender bərabərliyinin təmin edilməsinə və ictimai və sosial həyatda qadınların gücləndirilməsinə çalışır. Rəqəmsal dövrdə yaşadığımız üçün qeyd etmək lazımdır ki, hazırda Azərbaycan əhalisinin təxminən 80 faizi informasiya, media ünsiyyəti və fikir və düşüncələrin azad axını üçün ən əlverişli və praktik vasitə olan internetə maneəsiz giriş imkanı var.

Korrupsiyaya qarşı mübarizə Azərbaycanda Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsinin əsasını təşkil edir. Yenilikçi yanaşmaların və texnoloji yeniliklərin tətbiqi Azərbaycana ictimai sektorda korrupsiyanın qarşısını almaq üçün əhəmiyyətli irəliləyişlər əldə etməyə imkan verdi. Bu ilin əvvəlində BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən “ASAN xidmət” konsepsiyasının təşviq edilməsini nəzərdə tutan “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və DİM-lərin təşviqi” adlı qətnaməni  yekdilliklə qəbul etdi. May ayında Universal Dövri İcmal üzrə İşçi Qrupunun 30-cu sessiyası çərçivəsində Azərbaycan dövri məruzəsini uğurla təqdim etmişdir. Biz qarşılıqlı hörmət və anlaşma əsasında digər BMT-nin insan hüquqları mexanizmləri ilə dialoq və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə sadiq qalırıq.

Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Bütün etnik və dini qruplar Azərbaycanda sülh və harmoniya şəraitində yaşayır. Biz mədəniyyətlərarası dialoqun möhkəmlənməsi məqsədilə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etmişik. Həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olaraq Azərbaycan 2008-ci ildə əsas məqsədi müsəlman dünyası və Avropa arasında dialoq, tərəfdaşlıq və əməkdaşlığın möhkəmlənməsi olan Bakı Prosesinin əsasını qoymuşdur. 

Azərbaycan rəhbərliyinin himayəsi altında icra olunan Bakı Prosesi dinlərarası və mədəniyyətlərarası dialoq üzrə bilik mübadiləsi üçün geniş miqyaslı platformanı təmin edir. Sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı ən son hesabatında baş katib mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində Bakı Prosesinin vacib rolunu xatırlatmışdır. Bu il Bakı Prosesinin 10-cu ildönümü qeyd olunur və bu münasibətlə 25-26 oktyabr 2018-ci il tarixlərində Bakıda yüksək səviyyəli 6-cı Humanitar Forum da daxil olmaqla silsilə tədbirlər təşkil olunacaqdır.

 

Cənab Vitse-Prezident,

Bu podiumdan məmnunluqla elan edirəm ki, gələn il Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edəcəkdir. Tarixi boyunca Qoşulmama Hərəkatı Bandunq Prinsiplərinə sadiqliyi təşviq etməklə beynəlxalq sülh və təhlükəsizliyin möhkəmlənməsində fundamental rol oynamışdır.

Hərəkata Azərbaycanın sədrliyi 2020-ci ildə qeyd olunacaq 65-ci ildönümündə hərəkatın təməl prinsiplərinin təşviq edilməsinə təkan verəcəkdir.

 

Cənab Vitse-Prezident,

Həll olunmamış silahlı münaqişələr, mövcud və ortaya çıxan təhlükəsizlik çağırışları və onlarla bağlı olan humanitar böhran inkişaf istiqamətində əldə olunan nailiyyətlər üçün təhdid yaradır. Ermənistan və Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülh və təhlükəsizlik üçün hələ də əsas təhdid olaraq qalmaqdadır. Münaqişə Azərbaycan ərazisinin beşdə birinin işğalı ilə nəticələnmiş və Azərbaycanda təqribən hər doqquz adamdan birini məcburi köçkün və ya qaçqın etmişdir. 

Münaqişə ilk günündən bəri mülki insanlara və infrastruktura təsir etməklə ancaq Azərbaycan ərazisində, demək olar ki ölkənin ortasında aparılmışdır.

BMT Təhlükəsizlik Şurası 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində Azərbaycana qarşı hərbi gücdən istifadə olunması; belə fəaliyyətlərin qeyri-qanuni və BMT Xartiyasının məqsəd və prinsipləri ilə ziddiyyətli olduğu; bunun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün aydın pozulmasını təşkil etməsi faktını müəyyən etdi. Digər səlahiyyətli beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərarlar və sənədlər eyni xətti təşkil edir. Lakin ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarında çıxarılması da daxil olmaqla Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməmişdir. Əksinə, Ermənistanın siyasəti və təcrübəsi onun hərbi güc vasitəsilə zəbt etdiyi və geniş miqyasda etnik təmizləmə həyata keçirdiyi Azərbaycan torpaqlarının anneksiyasını təmin etmək niyyətini aydın şəkildə təsdiqləyir.

Ermənistan rəhbərliyində dəyişikliklərdən sonra bəyan edildiyi kimi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlüəsizlik Şurasının qətnamə və qərarlarına hörməti aydın şəkildə özündə ehtiva edən demokratik dəyərlərə tam hörmət siyasətinin işlənib hazırlanması ilə bağlı əvvəlcə bəzi gözləntilər var idi. Təəssüf ki, indiyədək bu istiqamətdə heç bir irəliləyiş müşahidə olunmamışdır.

Əvvəlki bəyanatlarına zidd olaraq, Ermənistan baş naziri indi də Azərbaycanın Dağlıq Qarabağ bölgəsini utanmadan Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirməyə çalışır. Bu ilhaqçı iddia nəinki beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlikdir, o həm də ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin vasitəçiliyi ilə aparılan sülh prosesini təhlükə altına alır. Beləliklə, Ermənistan ən yüksək siyasi səviyyədə əsl niyyətinin danışıqlar vasitəsilə münaqişənin həlli deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirir.

Ermənistanda, kənardan bu ölkədə nələrin baş verdiyi anlaşılmayan, ardıcıl qeyri-sabit daxili siyasi inkişaflar olduğundan istisna edə bilmərik və etməyəcəyik ki, Ermənistan baş nazirinin son bəyanatları və fəaliyyətləri yerdə vəziyyətin daha da gərginləşməsi və təmas xəttində və Ermənistan və Azərbaycan arasında sərhəddə hərbi düşmənçilik təxribatların törədilməsi məqsədini güdür. Ancaq bir şey aydındır ki, bu mənfi senarinin bütün nəticələri tamamilə Ermənistan Respublikasının üzərinə düşəcəkdir. Biz beynəlxalq ictimaiyyəti Ermənistana beynəlxalq hüquqa uyğun olaraq fəaliyyət göstərmək və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etmək ilə bağlı güclü ismarış göndərməyə çağırırıq. 

Ermənistan davamlı olaraq münaqişənin həlli prosesinə maneə törətmişdir və bununla yanaşı yerindəcə vəziyyəti gərginləşdirmək üçün müntəzəm olaraq müxtəlif təxribatlara əl atmaqla və yüz minlərlə azərbaycanlı məcburi köçkünün doğma yurd-yuvalarına qayıtmağının qarşısını alaraq və qəsb edilmiş torpaqlarda demoqrafiq, mədəni və fiziki xarakteri dəyişərək işğalı möhkəmləndirməyə çalışmaqla nəticəyə əsaslanan danışıqlara başlamaqdan imtina edirlər. 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozmaqla, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində, xüsusilə Suriyadan olan ermənilərin qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir.

Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, onların Ermənistanın iqtisadi baxımdan inkişaf etmiş və firavan dövlət etməklə bağlı erməni xalqına vədi sülh, mehriban qonşuluq münasibərlərinin qurulması və qonşuların suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədən mümkün deyildir. Nə qədər tez Ermənistan ərazi iddialarını bir kənara qoyacaq və Azərbaycanın ərazilərindən qoşunlarını geri çəkəcək, bir o qədər də tez regionumuzda sülh bərqərar ola biləcəkdir və Ermənistanın inkişaf perspektivləri açılacaqdır.

Onlar indi də demokratiya və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ermənilərindən çox danışırlar. O zaman qəddarcasına etnik təmizləməyə məruz qalan və öz doğma yerlərini, evlərini və mülklərini tərk etməyə məcbur qalan Dağlıq Qarabağın Azərbaycanlı əhalisi və ətraf yeddi rayonun Azərbaycanlıları necə olmalıdır? Əgər Ermənistanın yeni rəhbərliyi özünü demokratiya adlandırırsa, o zaman onlar qanunun aliliyi və demokratik dəyərlərə uyğun hərəkət etməli, Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrində tələb olunduğu kimi didərgin düşmüş insanların öz doğma evlərinə geri qayıtmasına imkan verməli və silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

Azərbaycan səmimi qəlbdən inanır ki, sülh, sabitlik və qarşılıqlı faydalı regional əməkdaşlığın alternativi yoxdur və münaqişənin ən qısa vaxtda siyasi həllində və onun nəticələrinin aradan qaldırılmasında ən maraqlı tərəfdir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqa uyğun olmayan münaqişənin həllinə nail olmaq mümkün deyildir. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.

Təşəkkür edirəm.

Arxiv üzrə axtarış