2019-10-11

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti 2019-cu ilin 9-11 oktyabr tarixlərində Bosniya və Herseqovinada işgüzar səfərdə olmuşdur

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ölkələr arasında qida təhlükəsizliyi, bitki sağlamlığı və baytarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə qida məhsullarının idxal və ixrac prosedurları ilə bağlı müzakirələrin aparılması məqsədi ilə oktyabrın 9-11-də Bosniya və Herseqovinada işgüzar səfərdə olub.

Səfər çərçivəsində Bosniya və Herseqovinanın Qida Təhlükəsizliyi Agentliyinin direktoru Djemil Hayriçin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib.

Görüşlərdə son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar barədə geniş məlumat verən Agentliyin Sədr müavini Rüfət Rüstəmzadə əhalinin sağlam və təhlükəsiz qidalanması istiqamətində qarşıya qoyulan vəzifələrdən danışıb.

Heyvanların identifikasiyası və qeydiyyatı sistemi, subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, bitki mühafizəsi vasitələrinin qeydiyyatı, sınağı və izlənməsi, qalıq miqdarlarının müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda sertifikatların qarşılıqlı tanınması, səlahiyyətli qurum və özəl laboratoriyalar arasında əməkdaşlığın qurulması, ixrac əməliyyatları üçün elektron sertfikatların verilməsi kimi vacib mövzuların müzakirə olunduğu ikitərəfli görüşlərdə gələcəkdə birgə təcrübə mübadilələrinin həyata keçirilməsi ilə bağlı istiqamətlər müəyyən olunub.

Sonra nümayəndə heyəti Sarayevo Universiteti nəzdində olan Baytarlıq Fakültəsinin Laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olmuş və Visoko qəsəbəsində yerləşən “Suşa” sallaqxana müəssisəsinə baxış keçirmişdir.

Cari ilin oktyabrın 10-da nümayəndə heyəti Mostar şəhərində Federal Agro-Mediterranean İnstitutu və BvH ilə Xorvatiya arasında olan Biyaça sərhəd keçid məntəqəsində yerləşən Sərhəd Baytarlıq Müfəttişliyi şöbəsinin fəaliyyətləri ilə yaxından tanış olmuşdur.

 

 

Arxiv üzrə axtarış