Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycanın Respublikasının Bosniya və Herseqovinadakı (BvH) səfirliyi tərəfindən anım mərasimi keçirilib
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycanın Respublikasının Bosniya və Herseqovinadakı (BvH) səfirliyi tərəfindən paytaxt Sarayevo şəhərində yerləşən Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilmiş, “Dostluq Parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə anım mərasimi keçirilib, hüzn əlaməti olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağı səfirliyimizin ərazisində yarıya qədər endirilib.
Anım mərasimində tam tərkibdə Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşları, Türkiyənin BvH-də fəaliyyət göstərən çoxsaylı qurum və quruluşlarının (TIKA, Yunus Emre Institutu) rəhbər və təmsilçiləri, həmçinin Anadolu Balkan, TRT Balkan xəbər agentlikləri və yerli KİV-lərinin və boşnak ictimaiyyətinin nümayəndələri iştirak edib. Azərbaycan və Türkiyə səfirlikləri adından abidənin önünə əklil və gül dəstələri qoyulub.
Xocalı və Srebrennitsa şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Türkiyə Səfirliyinin dini işlər müşaviri Mustafa Güvenc Xocalı şəhidlərinin və Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizədə həyatlarını qurban vermiş bütün şəhidlərin ruhuna dua oxuyub.
Azərbaycanın BvH-dəki səfiri Vilayət Quliyev mərasim iştirakçılarına müraciət edərək 33 il bundan əvvəl Azərbaycan torpaqlarını işğal edib burada “ikinci erməni dövləti” yaratmaq fikrinə düşən erməni separatçılarının Xocalı şəhərində ötən yüzilliyin dəhşətli soyqırımlarından birini törətdiklərini, yalnız milli və dini mənsubluqlarına görə yüzlərlə dinc sakini – uşaqları, qocaları, qadınları amansızla qətlə yetirdiklərini, dünyanın isə bu antibəşəri cinayətə laqeyd qaldığını bildirib. Aradan keçən illər ərzində Xocalı şəhidlərinin ruhu xalqımızı yalnız kədər və ələmə qərq etmədiyi, həm də haqqın bərqərar olmasına səslədiyini qeyd edilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu onillər boyu erməni işğalı altındakı bütün ərazilərimizi azad etdiyi vurğulanıb.
Səfir böyük təəssüf hissi ilə dünyanın susaraq razılıq verməsi nəticəsində bənzər etnik təmizləmə siyasətinin Bosniya və Herseqovinada, ilk növbədə isə minlərlə insanın yalnız milli-dini mənsubiyyətinə görə soyuqqanlılıqla qətlə yetirildiyi Srebrenitsada da həyata keçirildiyini qeyd edib.
BvH Parlamentinin Xocalı soyqırımını tanıması, Sarayevonun mərkəzindəki Azərbaycan və boşnak xalqlarının Dostluq Parkında Xocalı və Srebrenitsa analarının heykəlinin ucaldılması xalqlarımızın etnik zəmində törədilmiş cinayətlərə qarşı mübarizədə birlik və əzmkarlığının rəmzi kimi qiymətləndirildiyini bildirib.
Səfir Vilayət Quliyev Xocalı şəhidlərinin xatirəsinin artıq qəhrəman Azərbaycan Ordusunun erməni separatçılardan azad etdikləri Xocalıda qeyd olunduğunu bildirib. Hazırda burada böyük quruculuq-abadlıq işləri aparıldığını, artıq xocalı sakinlərinin yurdlarına qayıtmağa başladığını deyib. Xocalı faciəsinin yaraları sağaldılsa da, Xocalı soyqırımının heç zaman insanlarımızın yaddaşından silinməyəcəyini, Yer üzündə oxşar cinayətlərin bir də törədilməməsi üçün daimi yaddaş və xəbərdarlıq rəmzinə çevriləcəyini sözlərinə əlavə edib.