Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbiri təşkil olunub
10 may tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyində anım tədbiri təşkil olunub. Tədbirdə səfirliyin əməkdaşları və Bosniya və Herseqovinada yaşayan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndərin səfirliyin ərazisində yerləşən büstü önünə əklil və gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü tarixi xidmətlərdən bəhs edib. Bildirilib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz çətin və mürəkkəb dövrdən uğurla çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoyub.
Səfir qeyd edib ki, Ulu Öndərin müəllifi olduğu neft strategiyası, iqtisadi islahatlar və dövlət quruculuğu siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, regionun aparıcı dövlətlərindən birinə çevrilməsinə mühüm töhfə verib. Vurğulanıb ki, müstəqil Azərbaycanın bu gün əldə etdiyi uğurların təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursu dayanır.
Çıxış zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderin siyasi kursunun uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da möhkəmləndiyi diqqətə çatdırılıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının Heydər Əliyev ideyalarının təntənəsi olduğu bildirilib.
Sonda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman dərin hörmət və ehtiramla yad edildiyi vurğulanıb.