Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabı Sarayevoda nəşr olunub
Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” (“Zarifa i Hejdar Alijev. Lyubav koja je dotakla ujecnost”) kitabı Sarayevoda boşnak dilində nəşr olunub. Bu son üç il ərzində Səfirliyin Ümummilli lider haqqında çap etdiyi ikinci kitabdır. Ulu Öndərin anadan olmasının 100-cü ildönümünün beynəlxalq miqyas qeyd olunduğu 2023-cü ildə bosniyalı siyasi icmalçı, GEOPOL geosiyasi tədqiqatlar mərkəzinin direktoru Admir Lisitsanın “Heydər Əliyev – müasir Azərbaycanın qurucusu: daxili imkanlar, xarici siyasət və iqtisadi inkişaf” adlı elmi-populyar əsəri çap edilib yayılmışdı.
Rus dilində qələmə alınan, son üç ildə Azərbaycan, qazax, özbək, Ukrayna dillərinə tərcümə olunaraq oxucular arasında geniş populyarlıq qazanan əsəri boşnak dilinə xanım Mayda Musiç tərcümə edib.
Heydər Əliyev haqqında bir sıra əsərlərin, o cümlədən çoxcildli “Şəxsiyyət və zaman” roman-epopeyasının müəllifi olan Elmira Axundovanın bu kitabı xalqımızın iki görkəmli şəxsiyyəti – 1993-2003-cü illərdə Azərbaycan Respublikasına rəhbərlik etmiş Prezidenti Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 32 illik birgə həyatına həsr olunub. Müəllif xalqa və dövlətə xidmət kimi nəcib amala köklənən mənalı ömrün bütün mərhələlərinə işıq salmağa çalışıb. İlk tanışlıqdan tutmuş Zərifə xanımın vaxtsız vəfatına qədər birlikdə yaşadıqları həyatın biri-birindən zəngin və maraqlı illəri əsərin səhifələrində təkcə müəllifin təhkiyəsində deyil, Heydər Əliyevi və Zərifə xanımı yaxından tanıyan onlarla insanın xatirələri əsasında işıqlandırılıb. Əsərdə iki böyük şəxsiyyəti birləşdirən mənəvi tellər, onların həqiqi məhəbbətə və məqsəd birliyinə əsaslanan səmimi ailə münasibətləri, övladlarının tərbiyəsinə münasibət, ölkənin mədəni-mənəvi dirçəlişindəki böyük rolu, həyatları boyu üz-üzə gəldikləri, amma qarşılıqlı inam və məhəbbətin gücü ilə dəf etdikəri sınaqlar, çətinliklər haqda söz açılıb. Müəllif keçmiş Sovet İttifaqının rəhbərlərindən biri olan, Siyasi Büro üzvlüyünə yüksələn, çoxlarının sərt və prinsipial siyasətçi, dövlət adamı kimi tanıdığı Heydər Əliyevi yalnız iş kabinetində deyil, ev mühitində, yaxınları və doğmaları arasında göstərməyə, onun ailə üzvlərinə, yaxınlarına, mədəniyyət və sənət adamlarına, ümumən insanlara münasibətdə səmimilik, qayğıkeşlik, diqqətlilik kimi cəhətlərini təsvir etməyə daha çox üstünlük verib.
Vaxtı ilə əsəri Azərbaycan dilinə tərcümə edən ədəbiyyatşünas alim, səfir Vilayət Quliyev xarici işlər naziri kimi Heydər Əliyevlə dörd illik iş təcrübəsi zəminində kitaba “Heç zaman bitməyən bir eşq hekayəsi” adlı maraqlı və təsirli sözardı yazıb.
Nəfis tərtibatla çap olunmuş kitaba Zərifə və Heydər Əliyevlərin birgə həyatının müxtəlif dövrlərini göz önündə canlandıran illüstrativ materiallar əlavə edilib.
Səfirliyin digər nəşrləri kimi Elmira Axundovanın “Əbədiyaşar məhəbbət” kitabının da Bosniya və Herseqovina kitabxanalarına, dövlət qurumlarına, elmi-akademik təşkilatlarına və universitetlərinə, eləcə də boşnak dilinin anlaşıldığı Serbiya və Xorvatiyadakı səfriliklərimizə göndərilməsi nəzərdə tutulur. Nəşr Azərbaycanın müasir tarixini, mədəniyyətini və görkəmli şəxsiyyətlərini Qərbi Balkan ölkələri ictimaiyyətinə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədi daşıyır.