news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 may 2025

Bosniya və Herseqovinada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

28 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfirliyi 28 May - Müstəqillik Günü və Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi  münasibətilə şəhərin tarixi mərkəzində - Carayevo meriyasının binasında qəbul və  konsert təşkil edib.

Bayram tədbirində Bosniya və Herseqovinanın Baş nazirinin birinci müavini, müdafiə naziri Zukan Helez, ölkədə yerləşdirilən beynəlxalq təhlükəsizlik qüvvəsinin – EUFOR-un  komandanı, general-mayor Tibor Szabo, Bosniya və Herseqovinada fəaliyyət göstərən diplomatik korpusun, dövlət qurumlarının, parlamentin, ictimai, mədəni və işgüzar dairələrin, Sarayevoda yerləşən tədqiqat mərkəzlərinin, KİV-lərin rəhbərləri və təmsilçiləri, soydaşlarımız və BvH ali məktəblərində təhsil alan tələbələrimiz iştirak ediblər.

Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev qəbulda çıxış edərək,107 il əvvəl mayın 28-də müsəlman dünyasında ilk parlament Respublikasının -  Azərbaycan Cümhuriyyətinin qurulması, onun qısa müddətli mövcudluğu ərzində keçdiyi  müstəqillik yolu və Azərbaycanı beynəlxalq hüququn subyektinə çevirməsi haqqında danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütünlüyünün birmənalı şəkildə bərpa olunduğunu, bu gün müstəqil, suveren və demokratik ölkəmizin Cümhuriyyətin arzu və ideallarını reallığa çevirdiyini, beynəlxalq ictimaiyyətin nəzərində  etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb.

Bu ilin Azərbaycan üçün səciyyəvi olan daha bir cəhətini də qeyd edən səfir, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik” ili elan olunduğunu qonaqların diqqətinə çatdırıb. Bunun müasir mərhələdə dövlət institutlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi  baxımından  mühüm addım olduğunu xatırladıb.

Daha sonra iki ölkə arasındakı münasibətlərdən bəhs edən V.Quliyev son bir ilə yaxın müddət ərzində Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvləri cənab Denis Beçiroviçin və xanım Jelka Tsvianoviçin, eləcə də müdafiə və energetika nazirlərinin, habelə bir sıra rəsmi və işgüzar heyətlərin  Azərbaycana səfərlərini qeyd edib və ikitərəfli əməkdaşlığın inkişafından danışıb.

Tədbirin bədii hissəsində qonaqlara Bakı Musiqi Akademiyası və bir sıra Avropa musiqi məktəblərində təhsil almış Azərbaycanlı pianoçu Jalə Rəsulova və skripka ifaçısı Fərid Fevzullayevin ifasında  Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikov, Vaqif Mustafazadə, eləcə də dünya klassiklərinin repertuarlarından musiqilər ifa olunub. Sarayevo meriyasının dövlət tədbirləri keçirilən əsas zalında təşkil olunmuş qəbul və konsert proqramı böyük maraqla qarşılanıb, Azərbaycan dövlətinin ilbəil artan nüfuz və qüdrətinin, eləcə də Azərbaycan mədəniyyətinin zənginliyinin nümayişinə çevrilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti