news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 yanvar 2026

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib

19 yanvar tarixində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.

Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan və BvH icmasının üzvləri, eləcə də Sarayevoda təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Vilayət Quliyev bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu və daxili qoşunların Bakı, Sumqayıt, Lənkəran və Neftçalada mülki əhaliyə qarşı törətdiyi qanlı qətliam Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə iradəsini sarsıda bilməyib. Onun sözlərinə görə, bu ağır hərbi təcavüz nəticəsində 150 mülki şəxs həlak olub, 744 nəfər ağır yaralanıb, 4 nəfər isə itkin düşüb.

Səfir qeyd edib ki, faciədən dərhal sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında baş verənlərə kəskin etirazını ifadə edib və günahkarları açıq şəkildə dünya ictimaiyyətinə bəyan edib. Müstəqillik bərpa edildikdən və Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib, 1994-cü ilin mart ayında Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olunub.

Anım tədbiri çərçivəsində hüzn əlaməti olaraq Azərbaycan Respublikasının Dövlət bayrağı səfirliyin binasında yarıya qədər endirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti