Sabir Rüstəmxanlının "Ömür kitabı" adlı əsərinin ingilis dilində Bosniya və Herseqovinada nəşr edilib
Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycan xalq şairi Sabir Rüstəmxanlının ölkəmizdə və onun hüdudlarından kənarda böyük populyarlıq qazanmış “Ömür kitabı” adlı əsəri ingilis dilində Qərbi Balkan və Avropa oxucularına təqdim edilib. Əsər paytaxt Sarayevonun çoxprofilli şirkətlərindən birinin - “Yavori Group”un tərkibinə daxil olan “Bookline” nəşriyyatında çapdan çıxıb. Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri, tanınmış ədəbiyyatşünas-alim Vilayət Quliyev kitaba yazdığı kiçik müqəddimədə şair, nasir, publisist, tənqidçi və görkəmli ictimai xadim kimi şöhrət qazanmış Sabir Rüstəmxanlının zəngin ədəbi irsindən məhz bu əsərə müraciət olunmasını onun xalqımızın qədim tarixini, özünəməxsus mədəniyyətini, humanist mənəvi dəyərlərini, keçdiyi mübarizə və qəhrəmanlıq yolunu bədii-publisist dillə, atəşin qələmlə, tarixi qaynaqlar və şəxsi müşahidələr əsasında parlaq şəkildə əks etdirməsi ilə əlaqələndirib.