news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 noyabr 2025

Sarayevo şəhərində Azərbaycanın Zəfər Günü qeyd olunub

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi tərəfindən 8 Noyabr - Zəfər Günü münasibətilə Sarayevo şəhərində yerləşən Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə tədbir keçirilib.

Tədbirdə səfirliyimizin əməkdaşları və Sarayevodakı ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları Dostluq parkında ucaldılmış abidənin önünə əklil və gül dəstələri düzüb, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canlarından keçmiş Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad ediblər.

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev çıxışında 8 Noyabr - Zəfər Gününün Azərbaycanın müasir tarixindəki yerindən bəhs edərək, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun xalqımıza qarşı 30 ilə yaxın davam edən, dünya birliyinin də göz yumduğu tarixi ədalətsizliyə son qoyduğunu və bu zəfərin xalqımızın tarix yaddaşına qürürla həkk olunduğunu vurğulayıb.

Həmçinin, 8 Noyabr - Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Sarayevo şəhərinin mərkəzində vacib kəsişmə nöqtələrindən biri olan və Bosniya və Herseqovina Parlament Assambleyası ilə üzbəüz yerləşən “Sarajevo City Center” ticarət mərkəzinin fasadındakı rəqəmsal media lövhəsində bu əlamətdar günlər barədə məlumatların əks olunduğu fotoşəkillər yerləşdirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti