Sarayevoda Zəfər Günü münasibətilə konsert və qəbul keçirilib
21 oktyabr 2025-ci il tarixində Sarayevo Gənclər Teatrında Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə təntənəli konsert və qəbul keçirilib. Bayram konserti və qəbul ölkəmizin Bosniya və Herseqovinadakı Səfirliyi tərəfindən Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə təşkil olunub.
Tədbirdə Bosniya və Herseqovina Federasiyasının Mədəniyyət və İdman Naziri, Sarayevo şəhərinin meri, müdafiə nazirinin müavini, hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, tam tərkibdə EUFOR tərkibində xidmət keçən türk batalyonunun əsgər və zabitləri, Bosniya və Herseqovina ictimaiyyətinin üzvləri və bu ölkədə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər. Böyük maraq və coşqunluqla izlənən konsert anşlaqla keçib.
Açılış nitqi ilə çıxış edən səfir Vilayət Quliyev qonaqları salamlayaraq tarixi Zəfər gününün təməlinin 5 il bundan əvvəl, sentyabrın 27-də qoyulduğunu, Azərbaycan xalqının 44 gün ərzində yüzlərlə şəhid verərək bu Zəfərə doğru addım-addım irəlilədiyini xatırladıb. O, bildirib ki, Zəfər bayramı rəsmən noyabrın 8-də qeyd edilsə də, doğma torpaqların erməni işğalından azad edilməsi uğrunda mübarizəyə atılan Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin hər günü yeni-yeni yaşayış məntəqələri, kənd və şəhərləri azad etməklə böyük Zəfərə aparan qələbələrə imza atıb. Ordumuz tək torpaqları işğaldan azad etməyib, həm də Cənubi Qafqaz regionuna sülh, stabillik, əməkdaşlıq və qarşılıqlı anlaşma gətirib. Azərbaycan ordusu həm də erməni xalqının xilaskarı olub. Onu revanşizm duyğuları, milli ədavət qisas əhval-ruhiyyəsi təbliğ edən şovinist, revanşist “liderlərin” hakimiyyətindən qurtarıb. İndi 30 ilə yaxın işğal altında qalan, özü boyda xarabazarlığa çevrilən Qafqazda böyük bərpa-quruculuq işlərinin görüldüyünü yada salan Azərbaycanın təkcə müharibə meydanında deyil, dinc həyatda da Zəfər qazandığını yada salıb.
Qarabağın Azərbaycan mədəniyyətinin, xüsusilə də zəngin musiqi mədəniyyətimizin beşiyi olduğunu tamaşaçıların diqqətinə çatdıran səfir Vilayət Quliyev Zəfər bayramını “Qarabağ” ansamlının konsert proqramı ilə qeyd edilməsinin çox rəmzi məna daşıdığını bildirib. “Qarabağdan pərvazlanan muğam – xalqımızın ruhunun, tarixinin və emosional dərinliyinin musiqi ilə ifadəsidir. UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş bu sənət forması bu gün də bizi birləşdirir və dünyaya təqdim edir.”
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq artisti, muğam ustası Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” Muğam Qrupu zəngin və rəngarəng konsert proqramı ilə çıxış edib. Tamaşaçılara Azərbaycanın qədim muğam ənənəsinin incəliklərini əks etdirən unudulmaz musiqi axşamı bəxş edilib. Hər musiqi nömrəsi tamaşaçıların bitib-tükənmək bilməyən alqışları ilə müşayiət olunub.
Mənsum İbrahimovu Azərbaycanın Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistləri Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər. Onlar həm də instrumental muğamlardan nümunələr səsləndiriblər. Tamaşaçılar Azərbaycan musiqiçilərinin professional məharətini yüksək qiymətləndirərək konsertin Sarayevonun mədəni həyatında mühüm hadisə olduğunu qeyd ediblər.
Uğurla keçən Zəfər günü konserti Azərbaycan səfirliyinin çoxsaylı qonaqların iştirakı ilə təşkil etdiyi təntənəli qəbulla başa çatıb.