news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2026

Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Azərbaycanın Respublikasının Bosniya və Herseqovinadakı (BvH) səfirliyi tərəfindən anım mərasimi keçirilib

Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Azərbaycanın Respublikasının Bosniya və Herseqovinadakı (BvH) səfirliyi tərəfindən paytaxt Sarayevo şəhərində, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa olunmuş “Dostluq Parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə anım mərasimi təşkil olunub. Hüzn əlaməti olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağı səfirliyin inzibati binasında yarıya qədər endirilib.

Tədbirdə Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşları tam heyətlə iştirak ediblər. Bununla yanaşı, Türkiyənin BvH-də fəaliyyət göstərən qurum və təşkilatlarının – TİKA və Yunus Emre İnstitutunun rəhbər və nümayəndələri, Anadolu Balkan xəbər agentliyinin təmsilçiləri, eləcə də Azərbaycan və boşnak ictimaiyyətinin üzvləri mərasimə qatılıblar. Azərbaycan və Türkiyə səfirlikləri adından abidə önünə əklil və gül dəstələri düzülüb.

Xocalı və Srebrenitsa şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyə Səfirliyinin dini işlər üzrə müşaviri Xocalı şəhidlərinin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş bütün qəhrəmanların ruhuna dualar oxuyub.

Azərbaycanın BvH-dəki səfiri Vilayət Quliyev mərasim iştirakçılarına müraciətində 34 il əvvəl Azərbaycan torpaqlarını işğal edərək burada “ikinci erməni dövləti” qurmaq niyyətinə düşən erməni separatçılarının Xocalıda ötən əsrin ən dəhşətli soyqırımlarından birini törətdiklərini bildirib. O, yalnız milli və dini mənsubiyyətinə görə yüzlərlə dinc sakinin – uşaqların, qadınların və qocaların amansızlıqla qətlə yetirildiyini, beynəlxalq ictimaiyyətin isə bu ağır cinayətə lazımi reaksiya vermədiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, ötən illər ərzində Xocalı şəhidlərinin xatirəsi xalqımızı təkcə kədər və hüznə qərq etməyib, eyni zamanda ədalətin bərqərar olunmasına çağırışa çevrilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun uzun illər işğal altında qalan torpaqlarımızı azad etdiyi xüsusi vurğulanıb.

Vilayət Quliyev bildirib ki, artıq Xocalı şəhidlərinin xatirəsi erməni separatçılarından azad edilmiş Xocalı şəhərində də anılır. Hazırda bölgədə genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə təmin edilir. Bu gün isə Xocalı Soyqırımı Memorialının açılışı dövlət başçısının iştirakı ilə həyata keçirilib. O vurğulayıb ki, faciənin yaraları zamanla sağalsa da, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək və gələcək nəsillər üçün bəşəriyyətə xəbərdarlıq nümunəsi olaraq qalacaq.

Xocalı soyqırımının anım tədbirləri çərçivəsində həmçinin 25 fevral tarixində Bosniya və Herseqovinanın Foynitsa şəhərində yerləşən əsas məsciddə yüz nəfərdən çox şəhər sakini üçün Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş iftar süfrəsi də təşkil edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti