Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi

Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün hər bir Azərbaycan vətəndaşı şəxsən Səfirliyin konsulluq bölməsinə müraciət etməli, pasport üçün şəkil çəkdirməli, əl-barmaq izlərini verməli və imza çəkməlidir (15 yaşına çatmamış vətəndaşlardan əl-barmaq izi götürülmür). Bununla yanaşı aşağıda göstərilən sənədlər təqdim olunmalıdır. Nəzərə alınmalıdır ki, Səfirliyin konsulluq bölməsində yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi prosesi 3 (üç) ayadək davam edə bilər.

Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:

  1. Yeni pasport alınması üçün Azərbaycan Respublikasının Səfirliyinə ərizə-müraciət (ƏRİZƏ-1; ƏRİZƏ-2);
  2. Ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (ANKET-1; ANKET-2);

Məsul əməkdaş ərizə-anket üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edir.

  1. 1 ədəd rəngli ağ fonda fotoşəkil (3x4 sm ölçüdə) (Diqqət! Fotoşəkillər yalnız ərizə anket üçün tələb olunur. Pasport üçün şəkil Səfirliyin konsulluq bölməsinə çəkilir);
  2. Vətəndaşın etibarlı şəxsiyyət vəsiqəsinin (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı) əsli və surəti;

Doğum haqqında şəhadətnamə xarici dövlət tərəfindən verilmişdirsə, tərcümə və leqallaşdırılmış formada təqdim olunmalıdır. Bu halda (və ya “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının tələb etdiyi hallarda) şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi tələb oluna bilər.

  1. Pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
  2. 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar;
  3. 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır;
  4. Ümumvətəndaş pasportunun əsli və surəti(pasport dəyişdirildikdə);

Dəyişdirilən pasportdakı vizanın etibarlılıq müddəti həmin pasportun etibarlılıq müddətindən çox olduğu hallar istisna olmaqla, əvvəlki pasport təhvil verilir.

  1. Konsulluq qeydiyyatında olmaq;

Səfirliyin konsulluq qeydiyyatında olmayan vətəndaşlar pasport verilməsi üçün müraciət etməzdən əvvəl KONSULLUQ QEYDİYYATINA alınmalıdır;

  1. Səfirliyin akkreditə olduğu dövlətin ərazisində daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənədin surəti (miqrasiya və ya digər dövlət qurumundan verilmiş);
  2. 18 yaşı tamam olmamış şəxslər üçün valideyinlərin şəxsiyyət vəsiqələrinin/pasportlarının əsli və surəti;
  3. 18 yaşı tamam olmamış şəxslər üçün valideyinlərin nikah şəhadətnaməsinin əsli və surəti;
  4. 18 yaşı tamam olmamış şəxslər üçün pasport alınmasına etiraz etmədikləri barədə hər iki valideynin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi;
  5. 18-30 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə);
  6. Vətəndaş pasportunu itirdikdə onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, pasportu verən orqana yazılı məlumat verməlidir (Səfirliyə ərizə-müraciətdə);
  7. Pasport oğurlandıqda, cinayətin baş verdiyi yerin polis orqanının buna dair verdiyi arayış (notarial qaydada ingilis dilinə tərcümə edilmiş nüsxəsi ilə birgə);
  8. Bəzi mühüm sənədlər xaric, əsli olmayan sənədlərin notarial qaydada təsdiq edilmiş nüsxəsi təqdim edilə bilər;
  9. 25 USD dövlət rüsumununSəfirliyin bank hesabına ödənilməsini təsdiq edən qəbz (Dövlət rüsumu haqqında Qanun, maddə 16.1.1. - ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə;);
  10. Müvafiq məbləğdə dövlət rüsumunun (Azərbaycanda) ödənilməsini təsdiq edən qəbz;

Diqqət!: Sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə yuxarıda qeyd olunan dövlət rüsumu ilə yanaşı, ümumvətəndaş pasportun rəsmiləşdirilməsi üçün ASAN Xidmətdə dövlət rüsumu ödənilməlidir. Qeyd edilən dövlət rüsumunun həmçinin ASAN ödəniş sistemi (https://www.asanpay.az) vasitəsilə onlayn şəkildə ödənilməsi mümkündür (qeyd edilən portallarda ödənişi yalnız etibarlıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsi ilə etmək mümkündür). Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, eləcə də itirilməsi və ya korlanması ilə bağlı dövlət rüsumunun məbləği barədə ətraflı məlumat https://asan.gov.az/az/service/asan-xidmetler/uemumvetendas-pasportlarinin-verilmesi-ve-deyisdirilmesi internet səhifəsindən əldə edilə bilər.

Qeyd

  • Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.
  • Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş vətəndaşa ümumvətəndaş pasportunun verilməsi üçün sənədləri onun qanuni nümayəndəsi təqdim edir. Bu zaman şəxs qanuni nümayəndəlik hüququnu təsdiq edən sənədləri də təqdim etməlidir.
  • Etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir.

Arxiv üzrə axtarış