news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 sentyabr 2025

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyində Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə xatirə konserti keçirilib

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyində Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə xatirə konserti keçirilib.

Tədbirdə Bosniya və Herseqovinada akkreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri, Türkiyənin bu ölkədə fəaliyyət göstərən çoxsaylı qurumlarının rəhbər və nümayəndələri, səfirliyimizin əməkdaşları, Bosniya və Herseqovinada yaşayan həmvətənlərimiz, həmçinin “Anadolu Balkan” və “TRT Balkan” KİV-lərinin nümayəndələri iştirak ediblər.

Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev 18 sentyabrın Azərbaycanın mədəni həyatında xüsusi önəm daşıyan iki mühüm tarix – Milli Musiqi Günü və dahi bəstəkar, böyük ziyalı, görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü kimi qeyd olunduğunu bildirib.

Diqqətə çatdırılıb ki, Üzeyir bəy Hacıbəyli yalnız Azərbaycanın deyil, bütövlükdə Şərq musiqisinin tarixində yeni bir səhifə açmış böyük şəxsiyyətdir. Onun yaratdığı əsərlər milli musiqi mədəniyyətimizin zənginliyini, xalqımızın ruhunu ən yüksək səviyyədə təcəssüm etdirir.

Konsert proqramında qonaqlar bu ölkənin tanınmış boşnak bəstəkarı, İncəsənət, Musiqi və Balet Təhsili Fondunun baş meneceri professor Emir Nuhanoviç və musiqiçilər Armin Smriko və Mariya Mastilonun ifasında Üzeyir Hacıbəylinin və dünya bəstəkarlarının əsərlərini böyük zövqlə dinləyiblər. Konsert proqramında, həmçinin ilk dəfə olaraq Emir Nuhanoviçin Xocalıda qətlə yetirilmiş uşaqların xatirəsinə bəstələdiyi “Xocalıda qətlə yetirilmiş uşaqlara lay-lay” adlı əsəri səsləndirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti